İctimaiyyət
Əkrəm Əylisli həbs ehtimalından danışır
Yazıçı: “Həbsxana həyatını heç təsəvvür də edə bilmirəm”
Xəbər verdiyimiz kimi, yazıçı Əkrəm Əylisli və vəkili Elçin Sadıqov sentyabrın 6-da Bakı Şəhər Prokurorluğunda olublar. Prokurorluqda onlara istintaqın tərkibi elan edilib, bu barədə protokol tərtib edilib və növbəti həftədən istintaq hərəkətləri aparılması üçün onları prokurorluğa dəvət edəcəklərini deyilib.
Qeyd edək ki, Ə.Əylisli bu il martın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əkrəm Əylisli “Yeni Müsavat”a müsahibəsində istintaqa çağırılmasından və onu gözləyən təhlükədən danışdı. Müsahibimiz öncə baş verənlərlə bağlı ümumi qənaətini bölüşdü:
-Mən bu fikri neçə vaxtdan bəridir ki, deyirəm. Gözümü yumuram, açıram, yadıma düşür, dəhşətə gəlirəm. Sizə lətifəvari bir şey danışım. Mənim kitablarımın yandırılması aksiyası zamanı baş vermiş bir hadisədir. Bunu mənə o hadisənin içində olan bir nəfər danışıb. Mənim kitablarım yandırılanda görüblər ki, o tonqal kifayət qədər effektli alınmır. Axı çəkiliş etməlidilər, televiziyada göstərməlidilər. Gediblər, Tolstoyun, Viktor Hüqonun qalln-qalın kitablarını gətiriblər. Onları altdan qoyub, üstdən mənim kitablarımı düzüblər. Əlbəttə bunu eşidəndə düşünürəm ki, kaş bütün bunlar yuxu olaydı və mən bunları eşitməmiş olaydım. Mənim Azərbaycanda oxucum çoxdur. Özü də kitablarım həmişə rəğbətlə qarşılanıb. Mənim öz oxucularımla çox canlı, isti münasibətlərim olub. “Daş yuxular”ın ətrafında kəskin siyasi mühit yaratdılar. Amma bunun bir yaxşı tərəfi də oldu – ədəbiyyata diqqət çoxaldı. Bir adam ki, kitab yandıracaq, onunçün fərqi yoxdur, kimin kitabını yandırırlar.
Siyasi prosesləri izləmiş çoxları kimi biz də ilk prosesdən onun nəticəsini az-çox təxmin edirik. Sizin təxminləriniz necədir? Nə ola bilər?
-Mən də belə şeyləri az-çox bilirəm. Amma indi vəziyyət belədir ki, mən bu yaşımda o zülmü çəkmək imkanında deyiləm. Məndə o fiziki imkan yoxdur ki, həmin zülmü çəkim. Məlumdur ki, məndə elə bir fiziki güc yoxdur ki, sərhəd xidmətçisini vuraydım və elə vuraydım ki, onun bədənində qançır yerləri əmələ gələydi. Mən əlbəttə, həbsxana həyatını heç təsəvvür də edə bilmirəm. Həbsxanada yatmaq günah deyil. Siz bilirsiz ki, qonşumuz Türkiyənin özündə də nə qədər ziyalı, şair, yazıçı həbsxana həyatı yaşayıb. Tək Nazim Hikmət, Orxan Pamuk yox, xeyli qələm adamı bu mərhələni keçib. Rusiyada da xeyli ziyalı bu zülmü yaşayıb. Axı o vaxt zaman başqa zaman idi. Situasiya da başqa cür idi. İnsanlar o vaxt tutulanların düşmən olmasına inanmağa hazır idilər. Cəmiyyət sanki silkələndi, elə bil həyat quruldu o atmosferdə. Başqa bir dövr idi. Amma indi insanlar belə şeylərə inanmırlar. Azərbaycan o vaxt gözəl ölkə olacaq ki, onun hakimiyyəti hər bir azərbaycanlı üçün doğma ata, hamıya eyni gözlə baxan ana olacaq. Gərək hakimiyyət onun tərəfdarı olmayanlara heç vaxt düşmən gözü ilə baxmasın. O zaman məlum olacaq ki, onunla eyni fikirdə olmayan onun düşməni deyil. Axı milləti dosta-düşmənə ayırmaq düzgün deyil. Axı bizdə konstitusiya ilə təsdiq edilmiş ifadə azadlığı var. İnsanlara qarşı qurama işlər qondarmaq, onların həbsi üçün süni şərait yaratmağa ehtiyac yoxdur. Mən ekstremizmin tərəfdarı olmamışam. Nə sözdə, nə əməldə. Ekstremizm son nəticədə heç bir xeyir gətirmir. Amma insanın öz sözünü demək imkanları həmişə öz əlində olmalıdır. Hər kəs fikirləşdiyi sözü deməlidir. Özü də bu, elə ölkə deyil ki, onu sözlə yıxmaq mümkün olsun. Rus ədəbiyyatında nəhəng-nəhəng simalar olub. Onlar öz sözləri ilə nəyi dəyişdirə bildi ki? Rusiyada həmin hallar təəssüf ki, indi də davam edir.
– Bıçaq sümüyə dirənsə, siz harasa müraciət edəcəksizmi? Necə deyərlər, həbsin bir addımlığındasız. Ya xarici ölkələrə, ya da dövlət başçısına yenidən müraciət mümkündürmü?
– Mən prezidentə məktub yazmışam. O məktubda açıq surətdə bir çox şeyləri demişəm. Güman edirəm ki, o məktub tam reaksiyasız qala bilməz. Amma qalarsa… bilmirəm. Mən aeroportda saxlanılanda da, sərhəd xidməti işçilərinə çox yalvardım ki, belə etməyin, bu iş dünyada çox böyük rezonans yaradacaq. Çünki mən tanınan yazıçıyam, böyük bir beynəlxalq tədbirə dəvət olunmuşam. O tədbirə 20 ölkənin tanınmış yazıçısı gələcək. Bununla dövlətin imicinə böyük zərbə vurursuz. Noldu sonrası? Dünyanın ən nüfuzlu qəzetləri 10 gün bu haqda yazdılar. “Guardian” kimi nüfuzlu nəşr bundan yazdı. Amerikada PEN təşkilatı bəyanat verdi, 20 ölkənin yazıçısı buna etirazını bildirdi. Əgər proses davam olunsa, bu etiraz yenidən başlanacaq. Çünki hamı bilir ki, bundan sonra adıma nə yapışdırsalar da, bunun qondarma olduğunu əvvəlcədən hamı biləcək. Ona görə də inanmaq istəmirəm ki, bu proses davam olunacaq. Mən prezidentə yazdığım məktubda da demişəm ki, “Daş yuxular”a dünyanın başqa bir nəzəri var. Onun o cür baxmasında mən günahkar ola bilmərəm axı. Finlandiyanın, İtaliyanın, çox-çox ölkələrin nüfuzlu qəzetlərində bir çox yazıçılar, jurnalistlər “Daş yuxular” haqqında çox tərifli sözlər yazırlar ki…
Burda erməni-müsəlman söhbəti getmir e. Burda söhbət ondan gedir ki, insanlıq, humanizm nədir, qonşu qonşu ilə necə dil tapıb yaşamalıdır. Mənim əsərimin bütün məqsədi xalqlar arasında etimad yaratmaqdır.
O əsərin bundan başqa bir məqsədi yoxdur. Bu əsər xalqları bir-birinə düşmən etmək yox, onları yaxınlaşdırmağa xidmət edir. Bütün varlığı, psixoloji intonasiyası ilə xalqlar arasında etimad yaratmağa köklənib. Finlandiya mətbuatında “Daş yuxular”ın bədii keyfiyyəti, estetik mahiyyəti barədə elə yazılar yazılıb ki…
Bir fin yazıçısı yazmışdı ki, “bu əsərin bir cümləsində avropalı yazıçıların 10 səhifədə yazdığı mətn yer alır. Əkrəm Əylisli Orxan Pamukdan çox fərqlidir. Orxan Pamuk daha çox ekzotikaya yer verdiyi halda, Əylisli real həyatı daha geniş göstərməyə can atır”.
-Neçə ay idi bu hadisə barədə səs-səmir yox idi…
-Bəli, neçə aydır bu, dondurulmuşdu. İndi 5 aydan sonra mən inanmırdım ki, bu məsələ yenidən ortaya çıxsın. Mən düşünürdüm ki, bu işi sadəcə xətm ediblər. Çünki olduqca mənasız və lazımsız bir işdir. Mənim səviyyəmdə olan bir yazıçı, ölkənin ən ali ordeninə layiq görülən şəxs bu cür ittihama məruz qalmamalıdır. Prokurorluqda mənə dedilər ki, JEK-dən xasiyyətnamə olsa yaxşıdır. Mən də zarafatla dedim ki, gedin mənim haqqımda yazılanları diqqətlə oxuyun.. Mənim xasiyyətnaməmi Heydər Əliyev özü verib. Kim olduğumu hamıdan dəqiq göstərib. Dedim, əgər JEK-in xasiyyətnaməsi Heydər Əliyevin xasiyyətnaməsindən üstündürsə… mənim sizə deməyə sözüm yoxdur.