Bakıda 55 sənaye müəssisəsi bağlanıb

Azərbaycanda 2014-cü ildə 24, ötən il 55 zavod və fabrikin qapısına kilid vurulub. Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK-nın) açıqlamasına görə, ilin əvvəlinə Bakıda sənaye məhsulu buraxan 1170 müəssisə qalmışdı.
SƏNAYE BAKIDA CƏMLƏŞİB
Başqa sözlə, rəsmi mənbələrin özləri də sənaye sektorunda mənfi proseslərin getdiyinə işarə edir. AzərbaycanHökuməti isə bunun əksinə, iqtisadiyyatın ilbəil şaxələndirildiyini, yeni sənaye müəssisələrinin yaradıldığını söyləyir.
DSK-nın məlumatına görə, 2 min 583 sənaye müəssisəsinin əsas hissəsi Bakıda cəmləşib. İl ərzində ölkədə 49 yeni müəssisə qurulub. Amma 6 il əvvəl Azərbaycanda sənaye istehsalı ilə məşğul olan 2 min 650 müəssisə olduğunu da unutmağa dəyməz.
DÖVLƏT MÜƏSSİSƏLƏRİ ÇOXALIB, ÖZƏL ZAVODLAR BAĞLANIB
Təəccüblüdür ki, dövlət sənayedən çəkilmək əvəzinə, son 6 ildə 29 müəssisə qurub və əsas «oyunçu» statusunu itirmək istəmir. Elə bu dövrdə yerli iş adamlarına məxsus 131 sənaye müəssisəsə qapanıb, əcnəbi və yerli sahibkarların birgə sərmayəsi ilə yaradılan 15 müəssisə bağlanıb. Təkcə ötən il xarici şirkətlərin sərmayəsi ilə qurulmuş 5 birgə müəssisə işini dayandırıb.
ZAVODLARDA KÜTLƏVİ İXTİSARLAR
Ötən il iqtisadi böhran ucbatından ölkə sənaye müəssisələrində çalışan, yarısı özəl bölmədə olmaqla,10 min 100 nəfər ixtisara salınıb. Bakı şəhərində 5 min nəfər işsiz qalıb. Bu ilin əvvəlinə paytaxtın zavod və fabriklərində 97 min 500 nəfər işləyirdi.
Ölkənin iri sənaye mərkəzlərindəki ixtisarlar daha aydın gözə çarpır. Məsələn, Gəncədə bir ildə 1357 nəfər, Şirvanda – 682, Qəbələdə – 333 nəfər iş yerindən məhrum olub. Bu mənada Naxçıvan «oazis» sayıla bilər. Muxtar respublikada ötən il 3 sənaye müəssisəsi fəaliyyətini dayandırsa da, 1853 yeni ştat açılıb.
SƏNAYE İSTEHSALINDA BP FAKTORU
2015-ci ildə Azərbaycanda sənaye istehsalının 58 faizi tam xarici sərmayəli şirkətlərin payına düşüb. Bu, əsasən, neft sektorundakı müəssisələrdir. 2014-cü ildə bp şirkəti və onun digər xarici tərəfdaşlarının Azərbaycan sənayesindəki payı 64 faizi ötürdü.
DSK-nın hesablamalarına görə, ötən il dövlətə məxsus sənaye müəssisələrinin istehsal həcmi 500 milyon manat azalaraq 6.7 milyard manat olub. Yerli şirkətlərin buraxdığı məhsulun toplam satış qiyməti 4.1 milyard manat (+3 faiz), qarışıq mülkiyyətli müəssisələrinkiisə 755.7 milyon manat (+5 faiz) olub.