Siyasət

Jurnalist deyir ki, mitinq fotosuna görə işdən qovuldu

APA-Holdinqin əməkdaşı Fərahim İlqaroğlu işdən çıxarılıb. Bu barədə jurnalist  özü Turan agentliyinə bildirib.

O, işdən çıxarılmasına səbəb kimi Milli Şuranın 11 sentyabr mitinqinə münasibətdə “haqqın.az”  saytının rəhbəri Eynulla Fətullayevin mövqeyinə alternativ mövqe qoymasını göstərib: “Belə ki, Fətullayev mitinqdə iştirak edənlərin sayının az olmasına dair foto paylaşıb. Mən də onun statusunun şərh bölməsinə mitinqin kütləviliyini əks etdirən foto qoydum. Bundan sonra Fətullayev mənə “sən AXCP-də işləyirsən yoxsa APA-da?” sualını ünvanlayıb. Mən isə jurnalist kimi peşə borcumu yerinə yetirdiyimi söylədim”.

Onun sözlərinə görə, bundan sonra yazışma Prezident Administrasiyasına göndərilib. “Mənə deyilib ki, guya işdən azad olunmaq barədə tapşırıq PA-dan gəlib”.

APA-Holdinqlə yollarının ayrıldığını deyən jurnalist işdən çıxarılmasına səbəb olaraq fotonu şərh kimi yerləşdirməsinin, “Azadlıq” qəzetində çalışan jurnalistləri müdafiə etməsinin göstərildiyini bildirir.

İlqaroğlu deyir ki, 3-4 il ərzində gecə-gündüz şirkətə xidmət göstərib. Amma himayəsində azyaşlı uşağı, işləməyən həyat yoldaşı, ata-anası, banka olan kredit borcu belə nəzərə alınmayıb.

Öz növbəsində Eynulla Fətullayev Turan-a bildirib ki,  Ilqaroğlu ilə diskussiya sosial şəbəkədə açıq gedib.

“ O, mənim səhifəmə daxil olaraq şərh yazıb, müxalifəti dəstəkləyib. Mən də soruşmuşam ki, sən hökumətin yanında olan bir qurumun əməkdaşısan, mənəvi cəhətdən nə qədər haqlısan ki, hökumətə yaxın qurumdan maaş alasan, başqa bir qüvvəni dəstəkləyəsən.

Bu, şəxsi yazışma olmayıb ki, mən onu harasa göndərim, sosial şəbəkədə açıq yazışma, diskussiya gedib. İşdən çıxarılmasına gəlincə, mən APA-nın rəhbərliyində deyiləm, ya təmasım yox, görünür, APA rəhbərliyi bu diskussiyanı izləyərək məlum qərara gəlib. Amma mənim tərəfimdən hər hansı təşəbbüs olmayıb”, – E.Fətullayev deyib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button