ABŞ Konqresində Azərbaycandakı repressiyalar müzakirə olundu
ABŞ Konqresində Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirilib.
Bakıdan müzakirəyə Skype vasitəsilə qatılan Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl Azərbaycanda siyasi məhbus probleminə diqqət çəkib:
“Gənc fəallar Bakıda Heydər Əliyevin heykəlinin üzərinə qrafitti yazmaq ittihamı ilə həbsə atılıb. Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir.
Biz bir qrup keçmiş məhbusla birlikdə siyasi məhbusların siyahısını hazırlayırıq. Biz AŞPA-nın müəyyənləşdirdiyi termin üzrə müəyyənləşdiririk siyasi məhbusları.
Hökumət radikal islam kartından istifadə edir və elə göstərir ki, həbs olunan dindarlar radikallardır. Əslində belə deyil. Onlar hökuməti tənqid etdikləri üçün həbsdədirlər.
Dindar fəallar ən çox işgəncəyə məruz qalanlardır. Xalq Cəbhəsi Partiyasının sədrinin müavini bu iş çərçivəsində həbs olunub. Hələ ki, məhkəmə davam edir və yekun söz demək istəmirəm amma, işgəncələr verildiyi faktdır.”
Bu işlər üzrə keçirilən məhkəmə proseslərində Bakıdakı xarici ölkə səfirliklərindən nümayəndələrin iştirak edib-etməməsi barədə suala cavabaında Xədicə İsmayıl ABŞ-ın Azərbaycandakı səfirliyinin o qədər də fəal olmadığını deyib.
“Müxtəlif səfirliklərin nümayəndələri gəlirlər. Amma ABŞ səfirinin iştirakı yetərli deyil. Bundan əvvəl belə bir bəyanat verilmişdi ki, səfir Robert Sekutanın hökumət nümayəndələri ilə fotosu daha çoxdur.
Məncə, onlar bizlə münasibətlərini açıq göstərməkdən qorxurlar. Qorxaq diplomat görmək çox depressivdir. ABŞ kimi ölkədən belə bir şeyi görmək çaşdırıcıdır.
Fransa səfirliyin əməkdaşları isə kameradan qaçırlar. Bu, depressivdir. Mən Azadlıq Radiosunda işləyirəm – ABŞ Konqresindən maliyyələşir. Mənə qarşı açılmış cinayət işi Azadlıq Radiosunun guya ki, pul yuması ilə bağlı idi. Məgər Konqresin pulu çirklidirmi? Səfirliyin bu məsələ ilə bağlı bəyanatı təxminə belə oldu ki, əgər Azadlıq Radiosu peşəkar davransa, fəaliyyətini davam etdirsin. Bunu eşitmək mənimçün həbsdə ən pis xəbər oldu.
Mənə deyirlər diplomatlar qorxurlar ki, açıq tənqid etsələr, hökumətin onlarla münasibəti pisləşər. Necə oldu ki, güclü dövlətlər belə zəiflədi?”
Müzakirəyə qatılan AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli Azərbaycanda siyasi müxalifətə qarşı basqılardan danışıb, qarşıdan gələn referendumda təbliğat imkanlarının məhdudlaşdırılması və medianın vəziyyətinə diqqət çəkib:
“Keçən seçkidə pullu efir vaxtı o qədər baha idi ki, müxalifət çıxış edə bilmədi.
“Azadlıq” qəzeti hazırda bağlanıb. Qəzetin maliyyə direktoru həbs olunub, odur ki, qəzet pulunu bankdan çəkə bilmir. Müxbirlər çox böyük əziyyət çəkir.
“Meydan TV” və Azadlıq Radiosu da çox vacibdir. “Azərbaycan Saatı” adlı televiziya verilişi də var. Onu da tənqidi mövqeyinə görə, yayıldığı peyk kanalından yığışdırıblar.
O ki qaldı nümayişlərə, onları ancaq hökumətin seçdiyi yerdə keçirmək mümkündür. Amma ən müxtəlif metodlardan istifadə edərək vətəndaşların həmin aksiyalarda iştirakının qarşısı alınır. Gah ona təyin olunduğu vaxta çox az qalmış icazə verilir, gah aksiyalara İŞİD bayrağı gətirirlər ki, əhalini qorxutsunlar…”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich də Azərbaycanda insan haqlarının durumuna görə ölkəsinin daha ciddi addımlar atmalı olduğunu deyib. O, özününü Bakıda işlədiyi illərdə də insan haqları pozuntularına necə reaksiya göstərdiklərini misal çəkib: “Mənim vaxtımda biz hökumətə birbaşa yardım göstərmirdik. Bu imkanlar aradan qaldırılıb. Biz indi nə edə bilərək? Biz özümüzü daha çox göstərə bilərik. Məsələn, biləndə ki, jurnalist təqib olunur, onunla gedib çay içirdik. Biz özümüzü daha çox göstərə bilərik.”
Xədicə İsmayıl dinləmələrdə beynəlxalq təşkilatların Azərbaycandakı duruma daha fəal müdaxilə etməli olduqlarını deyib:
“Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk iş bu olmalıdır ki, onlar məsələn, seçkini saxtakarlıqla udmuş hökuməti təbrik etməyə tələsməsinlər. Azadlıq Radiosunun işini davam etdirməyə nail olmağa çalışmaq lazımdır. Azadlıq Radiosu ABŞ-ın Azərbaycanda gördüyü ən yaxşı işdir. ABŞ təhsil proqramlarını dayandırıb. Onları da davam etdirmək lazımdır. Bu da çox vacibdir.”