Mitinqdə saxlanılanlara 8 sutka həbs cəzası verildi

Meydan TV-nin məlumatına görə sentyabrın 19-da Yasamal Rayon Məhkəməsi Milli Şuranın 17 sentyabr mitinqi zamanı həbs edilən fəal gənclər – Toğrul İbrahim, Pirəliyev Məcnun, Ülfət Həsənqarayev və Orxan Carçını 8 sutka azadlıqdan məhrum edib.
Gənc fəallar Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli biliniblər.
Maddə 535.1: Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə
inzibati həbs tətbiq olunur.
Həbs olunan digər gənclər barəsində hələlik qərar elan edilməyib.
Milli Şuranın 17 sentyabrda keçirilən icazəli mitinqi başa çatdıqdan sonra polis əməkdaşları bir neçə fəal gənci həbs edərək Yasamal rayon Polis İdarəsinə aparıb. Həbs olunanlardan Toğrul İbrahim mitinqə gələrkən əlindəki plakat alınıb və zorla polis maşınına mindirilərək aparılıb.