“Günəşli” yatağında qəza: güclü yanğın başlayıb

Azərbaycan FHN və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb. SOCAR-dan yayılan birgə məlumatda bildirilir ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.
“Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir”-məlumatda bildirilir.
Xatırladaq ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və yanğın baş verib. NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.