Əli Karimli: “İlham Əliyev reallıq hissini itirib”

Əli Kərimli: “Ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb; Əliyev sosial-iqtisadi məsələləyə aid olmayan hər şeydən danışıb”
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Toplantıda İ.Əliyev indi yürüdülən siyasətin alternativsizliyi, Dağlıq Qarabağ problemi, seçki prosesi və s. barədə fikirlər səsləndirib. AXCP sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında ölkə başçısının dediklərinə münasibət bildirib.
Əli Kərimli bildirib ki, Naizrlər Kabinetinin toplantısı ilin 9 ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr olunsa da, Əliyev çıxışında bu məsələyə iki abzasda toxunub: “Həmin fikirlər də təhrif olunmuş məlumatlara əsaslanıb. Bütövlükdə İlham Əliyev sosial-iqtisadi vəziyyət haqqında susub. Ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb – bu, onun etirafıdır.
Əli Kərimli hesab edir ki, İlham Əliyev referendumla bağlı olduqca absurd fikirlər səsləndirib: “Ümumiyyətlə, Əliyevin seçkilər barədə dedikləri həqiqətlə uyğun olmayan fikirlərlə zəngindir. Təkcə referendum haqda dedikləri çıxışın müəllifinin həqiqətə münasibətini ortaya qoyur. Azərbaycandakı seçkiləri hətta demokratiyanın beşiyi olan ölkələr üçün də nümunə kimi təqdim etmək, “gəlsinlər bizim təcrübəmizi öyrənsilər” sözünü heç bir sarkazmsız, gülüş məqsədi olmadan səsləndirmək onu göstərir ki, bunu deyən adam reallıq hissini itirib. Bütün dünya Azərbaycan seçki institutunun məhv edildiyini, xalqın bu seçkiyə heç marağının və etibarının olmadığını bilir. Yalnız bir qrup büdcə təşkilatlarında çalışan insanlar məcburiyyətdən bu imitasiyanı yaradıblar və dövlət başçısı özünə icazə verir ki, həqiqətə uyğun olmayan fikirlər səsləndirsin. Və çalışır ki, dünyadakı durumu qaranlıq göstərməklə Azərbaycan xalqını indiki vəziyyətinə şükür etməyə razı salsın. Çıxışın “ana xətti” bundan ibarətdir ki, bütün dünya dağılır, Avropada miqrant böhranı var, Avropa böhran işindədir. Hardadır böhran? Bir dövlət göstərsinlər ki, iki ildə büdcəsi 2,5 dəfə kiçilib. Hətta neftdən asılı olan Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də belə kiçilmə yoxdur. 2 il ərzində ölkənin Ümumi Daxili Məhsulu iki dəfəyə qədər azalıb. Azərbaycan yalnız Venesualayla müqayisə oluna bilər, orda insnalar artıq dükanlara hücum edir, yaxın günlərdə də hakimiyyət dəyişikliyi güman ki, olacaq.”