İlham Əliyev: Avropaya inteqrasiya bizə lazım deyil
Azərbaycan Nazirlər Kabinetinin iqtisadi məsələlərə həsr olunmuş iclasında İlham Əliyev dünyadakı böhran və Yaxın Şərqdəki vəziyyət, Avropada mühacirlərin problemləri, avropalıların qaçqınlara münasibətdə insafsızlığı haqqında danışmaq qərarına gəlib. O, çıxışına məhz bununla başlayaraq, bütün bu böhranların neft hasil edən ölkələrə təsir göstərdiyini xatırladıb.
Daha sonra o, Azərbaycanın öz yolu ilə getdiyini və heç kimi dinləmədiyini yada salıb. “Buna görə bizdə sabitlik və inkişaf var”, deyən Əliyev Avropaya inteqrasiya çağırışlarını pisləyib.
“Biz hansı Avropaya inteqrasiya etməliyik? Böhran bürüyən Avropaya? Müsəlmanlara qadağalar tətbiq olunan Avropaya? Bax, biz bu sualları verdiyimizə görə bizə təzyiq göstərilir və ittihamlar irəli sürülür”, deyən İlham Əliyev oradaca da əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir.
Onun sözlərinə görə, Avropa Komissiyasında indi Bakının Aİ və Azərbaycan arasında əməkdaşlıq formatı haqqında təklifləri müzakirə olunur.
Daha sonra o bildirib ki, Avropa Şurası ilə “fəal iş” nəticə verib və orada vəziyyət dəyişib. “Biz əməkdaşlığa hazırıq, amma inteqrasiyaya yox. Qoy inteqrasiyaya çağıranlar bunu unutsunlar”, deyə Əliyev vurğulayıb.