Azərbaycandakı layihələr üzrə cari portfeli azalıb

2016-cı ilin I yarısında Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycandakı layihələr üzrə cari portfeli 7,5% – 116,384 mln. avroya qədər azalıb. Bu barədə bankdan məlumat verilib.
“1 iyul 2016-cı il tarixinə bankın Azərbaycandakı layihələr üzrə portfeli 116,384 mln. avro təşkil edir (2016-cı il yanvarın 1-nə 125,787 mln. avroya bərabər olub)”, – deyə bankdan məlumat verilib.
30 iyun 2016-cı il tarixinə Azərbaycanın istifadə edilməmiş öhdəlikləri 2015-ci ilin sonuna olan 48,597 mln. avroya qarşı 31,994 mln. avro məbləğində qiymətləndirilir.
Bütövlükdə cari ilin iyul ayının əvvəlinə bankın kredit portfeli 1 mlrd. 147,876 mln. avro, o cümlədən kreditləri 1 mlrd. 88,704 mln. avro, kapitala investisiya qoyuluşları 59,172 mln. avro təşkil edir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir.