Beynəlxalq

Ölkələrin aclıq indeksi açıqlandı; Regionun ən pisi Azərbaycandır

Gündə təxminən 795 milyon adam, o cümlədən milyonlarla uşaq yatağına ac girir. Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun məlumatında belə deyilir. İnstitut inkişaf etməkdə olan ölkələrdə aclığın və bu problemlə mübarizənin səviyyəsini müəyyən etməkdən ötrü 2016-cı il üçün Qlobal Aclıq İndeksi hazırlayıb. Siyahıda Azərbaycanın da adı var.

Bu haqda Azadliq.info məlumat verir.

Azərbaycan aclığın səviyyəsinə görə 118 ölkə arasında 9.8 bal toplayıb. Müqayisə üçün deyək ki, problemin ən böyük olduğu ölkələr Afrika ölkələridir. Birinci, yəni ən pis yeri 46.1 balla Mərkəzi Afrika Respublikası tutub. Daha 6 ölkənin ən qorxulu vəziyyətdə olduğu da üzə çıxıb. Pakistan, Tacikistan, Hindistan, Şimali Koreya da daxil olmaqla, 40-dan çox ölkədə aclıq səviyyəsi göstəriciləri böyükdür.

Qonşu ölkələrdən Gürcüstan və Ermənistanın durumu Azərbaycanla müqayisədə daha yaxşıdır. Ermənistanda aclığın səviyyəsi cəmi 8.7 bal, Gürcüstanda 8.2 baldır. Rusiya 6.8 balla qiymətləndirilib. Türkiyə aclıq səviyyəsi ən aşağı ölkələr sırasındadır, göstəricisi 5 baldan da azdır.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

Siyahıya görə, Azərbaycanda 2016-cı ildə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.7%-ni təşkil edib. Uşaqların (5 yaşdan aşağı) 3.1%-də boyuna görə çəki azlığı, 18%-də yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.

 

Daha çox göstər
Back to top button