Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi onu siyasi məhbus hesab edir

“Rüfət Səfərov cəmiyyətin ədalət və azadlıq səsidir. O, cəmiyyətin gözünü qorxutmaq məqsədilə həbs edilib. Müdafiə Komitəsi bütün siyasi məhbusların hüquqlarını müdafiə etməlidir. Əli İnsanovu 11 illik zülm qarşısında sındıra biməyən rejim onu yenidən həbs etdi. Əli İnsanov, Taleh Bağırzadə, Fuad Qəhramanlı Azərbaycanın sınmazlıq simvollarıdır. Həbsxanalarda yüzlərlə girov saxlanılan günahsız insan var”. Bunlar Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun hüquqlarını ictimai Müdafiə Komitəsinin oktyabrın 13-də keçirdiyi mətbuat konfransında səslənən əsas tezislərdir. Çıxış edən komitə üzvərinin demək olar ki, hamısı bu fikirlərə istinad ediblər.
R.Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
İctimai Müdafiə Komitəsinə Avropada, ABŞ-da, Türkiyədə olan bir çox ictimai xadimlər qoşulub. Komitə onların vasitəsilə Avropadakı qurumlara ölkədəki mövcud durumu çatdıracaq, Azərbaycandakı diplomatik missiyalarla və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.
“Rüfət Səfərov prokurorluq sistemində inqilab etdi. O, həqiqətləri ictimaiyyətin diqqətinə çatdırdı və hüquq sistemindəki qanunsuzluqlara etiraz etdi. Bu səbəbdən başqalarına dərs olması üçün onu uzun müddətə həbsə məhkum etdilər”, – komitənin üzvü, keçmiş millət vəkili Mətləb Mütəllimli qeyd edib.