Təhlil

Azərbaycanda Siyasi Məhbuslar Monitorinq Mərkəzi həbsdə olanlara qarşı işgəncələri pisləyib

Azərbaycanda Siyasi Məhbuslar Monitorinq Mərkəzi “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və “Nardaran işi” üzrə digər təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə prosesi ilə bağlı bəyanat yayıb.

“Biz və Azərbaycanın bütün demokratik ictimaiyyəti qeyri-obyektiv məhkəmə istintaqından qəzəblənib. Təqsirləndirilən şəxslərin onlara amansız işgəncələr verilməsi haqqında çoxsaylı ifadələrinə baxmayaraq, hakimlər bu şikayətləri araşdırmır. Əksinə, dövlət ittihamçıları və hakimlər şahidlərin – DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə baş İdarəsinin əməkdaşlarının müttəhimlərin və vəkillərin onları ifşa edən suallarından yayınmasına kömək edir”, deyə Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov Turan-a bildirib.

“Nardaran işi” üzrə təqsirləndirilən şəxslər barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 3 (işgəncələrin qadağan edilməsi), 6 (ədalətli məhkəmə təhqiqatı hüququ), 13 (səmərəli müdafiə vasitəsi əldə etmək hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələri pozulub, deyə o bildirib.

Həbsdə olanların və bəzi şahidlərin ifadələri Nardaran qəsəbəsində hədsiz güc tətbiqinin qanunauyğunluğunu şübhə altına qoyur, deyə bəyanatda bildirilir.

“Biz işgəncələrin obyektiv araşdırılmasını, müstəqil ekspertlərin iştirakı ilə ekspertizalar həyata keçirilməsini tələb edirik. Polisin əsassız olaraq silahdan istifadə etməsini və nəticədə insanların həlak olmasını pisləyirik”, deyə Siyasi Məhbuslar Monitorinq Mərkəzinin bəyanatında qeyd edilir.

Daha çox göstər
Back to top button