Beynəlxalq

18 beynəlxalq təşkilat Azərbaycan hökumətinə qarşı

18 beynəlxalq təşkilat Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyətinə birgə məktub yazaraq, Azərbaycanın qurumdakı fəaliyyətinin dayandırılmasına çağırış edib. Məktubun xülasəsini təqdim edirik:

Əziz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) İdarə Heyəti üzvləri, oktyabrda Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki (EİTİ) statusuna baxılacaq. Aşağıda imzası olan təşkilatlar vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaratmağa dair irəli sürülən tələblərə məhəl qoyulmaması səbəbilə, Azərbaycanın təşəbbüsdəki fəaliyyətinin dayandırılması üçün EİTİ İdarə Heyətinə çağırış edir.

2015-ci ilin aprelində EİTİ Azərbaycanın statusunu əvvəlki tamhüquqlu üzvdən namizəd üzvə endirmişdi və ölkənin statusunu bərpa edə bilməsi üçün tədbirlər planı hazırlamışdı.

Bundan sonra hökumət məhdud da olsa, EİTİ-nin tədbirlər planında nəzərdə tutulan məsələlərə dair bəzi sağlamlaşdırıcı addımlar atdı. Ancaq əsas problemlər həll olunmamış qaldı. Hökumət son aylar vətəndaş cəmiyyətinə qarşı yeni repressiyalar başladıb.

Hökumət Azərbaycanın EİTİ QHT Koalisiyası təmsilçilərinə təzyiqlər etməklə, onların EİTİ-nin qarşıya qoyduğu məqsədlərə effektiv töhfələr verməsinin qarşısını alır.

Saxta ittihamlarla həbs edilən EİTİ QHT Koalisiyasının iki üzvü, Asif Yusifli və Fuad Qəhrəmanlı hələ də həbsdə qalır. AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. Ona qarşı fırıldaqçılıq və saxtakarlıq ittihamları irəli sürülməklə, 6 illik həbs cəzası verilib. AXCP sədr müavini Fuad Qəhrəmanlı Facebook-da yazdığı statusa görə dini nifrəti alovlandırmaqda ittiham olunaraq, 8 dekabr 2015-ci ildə həbs edilib. Onun Facebook şərhi ifadə azadlığından legitim istifadə hüququnu özündə ehtiva edir. Amnesty İnternational Fuad Qəhrəmanlını vicdan məhbusu elan edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib, cinayət işi prosesi hazırda davam edir. Hər iki məhbusa qarşı irəli sürülən ittihamlar siyasi motivlidir və onların müxalif siyasətçi kimi fəaliyyətlərinin qarşısını almaq məqsədi güdür.

 

Daha çox göstər
Back to top button