Təhlil

Azərbaycanda qadın qətlləri artıb

Elə gün olmur ki, Bakıda, eləcə də bölgələrdə qadınlara qarşı zorakılıq halları ilə bağlı xəbərlər yayılmasın. Ya qadının döyülməsi, ya öldürülməsi, ya təcavüzə uğraması… ilə bağlı bir-birindən fərqli həyat hekayələri yayılır xəbər saytlarında. Məhkəmə jurnalistlərinin məhkəmələrdə hər gün qarşılaşdığı cinayət işləri arasında da bu kimi hallar çoxluq təşkil edir.

Son bir ayda baş verən belə halların bir neçəsini yada salaq.
5 oktyabrda Gədəbəydə döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Armudlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Şamilova ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan qadın reanimasiya şöbəsinə köçürülüb. Yaxınlarının deməsinə görə, 3 uşaq anası olan Y. Şamilova həyat yoldaşı tərəfindən möhkəm döyülüb.
Oktyabrın 12-də Abşeron rayon Masazır qəsəbəsində qətl hadisəsi baş verib.  Sadiq Muxtarov həyat yoldaşı Lalə Muxtarovanı dəmir parçasıyla döyərək öldürüb.
Hətta evində, həyat yoldaşı tərəfindən təcavüzə uğrayan qadınlar da var ki, bu halların əsas psixoloji səbəbi cinsi səmimiliyin olmamasındadır. Araşdırmalara görə, cütlüklər arasında cinsi səmimiyyət olmayanda ailədə heç nə harmoniya yarada bilmir. Eyni zamanda bura sosial-maddi çətinlikləri, kənar müdaxilələri də əlavə etmək olar. Maddi problemlər qadını işləməyə vadar edir və beləcə ailədə əri ilə narazılıq yaranır. Ər evi tam təmin edə bilmədikdə daha da aqressivləşir, sanki öz qəzəbini ən yaxında olanlara tökür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Musavat.com”-a bildirib ki, məişət zorakılığı böyük bir problemdir: “Bizim komitə tərəfindən artıq məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məişət zorakılığı haqda bütün məlumatlar həmin bankda toplanır”.

H.Hüseynova qeyd edib ki, bu gün kişilər Dövlət Komitəsindən daha çox kömək istəyir, nəinki qadınlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, bu məsələdə ailə tərbiyəsi ilə məktəb tərbiyəsi üst-üstə düşməlidir: “Biz dini maarifləndirmə işlərini davam etdirməliyik. Məişət zorakılığı həm qadına, həm də uşaqlara qarşı baş verir. Bütün dünyada zorakılıq halları olur. Səmavi dinlərin müqəddəs kitabları hər cür zorakılığın əleyhinədir. İslam dini qadın hüquqlarına böyük önəm verir. Qadına qarşı zorakılıq elementləri xristian ölkələrinə nisbətən islam dünyasında daha azdır”.

Rəqəmlər isə başqa gerçəkdən xəbər verir. Dövlət Statistika Komitəsindən femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəyib, 8 qadın isə öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına isə az ağır zərər vurulmuşdur. Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılmış, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilib, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.

Daha çox göstər
Back to top button