Azərbaycanda sosial-iqtisadi problemlərlə əlaqədar etirazlar fəallaşıb

Azərbaycan əhalisi öz vətəndaş hüquqlarının müdafiəsi məsələsində getdikcə fəallaşır, Turan məlumat verir.
İlk növbədə bu, iqtisadi və sosial problemlərlə bağlıdır ki, həm paytaxtda, həm də regionlarda vətəndaşlar müntəzəm olaraq bu problemlərlə üzləşir.
Ötən günlər Qarabağ zonasında və Abşeronda iki etiraz aksiyası keçirilib.
Oktyabrın 18-də Binəqədi rayonunun Xocahəsən qəsəbəsinin sakini kəndə qaz verilməməsinə etiraz olaraq avtomobil yolunu bağlamağa cəhd göstərib.
Oktyabrın 19-da Goranboy rayonunun Zazalı kənd sakinləri də Bakı-Gəncə trassını bağlamaq istəyiblər.
Bundan öncə oktyabrın 15-də Göyçay rayonunun bir qrup sakini yerli yol polisinin rəisi Vüqar Qasımovun istefasını tələb ediblər. Sakinlər onu rüşvətxorluqda və digər sui-istifadədə günahlandırıblar.
Oktyabrın 7-də isə avtovağzal ərazisindəki şəxsi evlərin sakinləri Bakı-Sumqayıt yolunda hərəkəti bağlayaraq etiraz aksiyası keçiriblər. Onlar sökülən evlərin bir kvadrat metrinə görə 500 manat verilməsinə etiraz ediblər.
Bu cür etiraz aksiyaları Azərbaycan cəmiyyətində narazılığın artmasından və sosial-iqtisadi böhranın dərinləşməsindən xəbər verir.
Bunu Azərbaycan hakimiyyəti də başa düşür və zəncirvari reaksiyadan ehtiyat edərək etirazçılara qarşı cəza tədbirləri həyata keçirməkdən çəkinmir, Turan qeyd edir.