Siyasət

Ceyms Uorlik: “Prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik”

Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib: “Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və Yerevanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”.

O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: “Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”.

Uorlik xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri NATO toplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb: “Cənab Kerri bir neçə ay əvvəl də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək məhsuldar danışıqlar aparıb. Bölgədə yaşayan hər bir xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli tapılsın. ABŞ-ın bu məsələyə sadiqliyi şübhə altında olmamalıdır. Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər. Mən şəxsən Azərbaycan prezidenti ilham Əliyevlə danışmışam və o bildirib ki, danışıqlar prosesinə və münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiqdir. O, gələcəkdə də görüşməyə və masa üzərində olan təkliflərə baxmağa hazırdır. Vyana və Sankt-Peterburq görüşlərində də prezidentlər öz öhdəliklərini nümayiş etdiriblər. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır”. C. Uorlik qeyd edib ki, həm Bakıda, həm də Yerevanda prezidentlərin növbəti görüşünün yeri və vaxtının müəyyənləşdirilməsi barədə müzakirə aparılacaq.

Qeyd edək ki, həmsədrlər Ermənistan və Dağlıq Qarabağa da səfər edəcəklər.

Daha çox göstər
Back to top button