Beynəlxalq

BMT nümayəndəsi: “Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi zorakılığa məruz qalır”

Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır.

APA-nın xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin inkişaf proqramının (BMTİO) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, regiondan-regiona bu vəziyyət dəyişir. Onun sözlərinə görə, zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir: “Statistik göstəricilər kifayət qədər ciddi narahatçılıqlar yaradır. Bu o deməkdir ki, işimizi davam etdirməliyik. Bu təbəqə bütövlükdə zorakılığa məruz qalıb və onların arasında gender əsaslı zorakılıq halı daha yüksəkdir”.

 

Q.İsakzai əlavə edib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir. Onun sözlərinə görə, yalnız insanları məlumatlandırmaq deyil, media, hüquq-mühafizə orqanlarının nümayəndələri, gənclər, siyasətçilərlə də işləmək lazımdır: “Onları maarifləndirmək, müvafiq qanunvericilik aktları qəbul etmək və lazımi səviyyədə həyata keçirilmək gərəkdir. Gender əsaslı zorakılıq insan hüquqlarının çox kobud şəkildə pozulması halıdır. Bu tək Azərbaycan və ya daha az inkişaf etmiş ölkələrə aid olan fenomen deyil. Bütün dünyada, həmçinin inkişaf etmiş ölkələrdə baş verən haldır. Hər gün çoxsaylı qadınların hüquqları tapdanır, zorlama halları olur. Buna qarşı mübarizə aparmalıyıq. Azərbaycanda bu sahədə əsas çatışmazlıqlardan biri mövcud qanunvericiliyin kifayət qədər icra edilməməsi və günahkarların cəzasız qalmasıdır. Çoxtərəfli yanaşma, müxtəlif aidiyyatı orqanların bu problemə cəlb edilməsi məsələnin hərtərəfli həllinə kömək edə bilər”.

Daha çox göstər
Back to top button