“İşgəncə və təhqirlər bizi köləyə çevirə bilməz” – “Heykəl məhbusu”nun son sözü

NİDA Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun məhkəmədə son sözü
“Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Əsl cinayət fəaliyyətim püskürtmə boyamın rəngi kimi ağdır. Əsl səbəbi insanı olduğum bu ölkənin, bu ölkədə mövcud olan siyasi sistemin yalanlarına və dərəbəyli zehniyyətinə yetəri qədər sivil şəkildə adi tələbə gənc olaraq etiraz etmiş olmağımdır. Heç bir yazılı qanunu pozmamışam. Hansı ki, yazılı qanunda etdiyim əməl cinayət hesab olunmur. Pozduğum sistemin yazılmamış qanunudur. Hansı ki, sistem bu yazılmamış qanunlarıyla ayaqda qalmağa, ədalətsizliyi ədalət, köləliyi azadlıq kimi göstərmək üçün istifadə edir. Dövlətin yazılı qanunları olan, kağızda əksini tapmış qanunları pozmaqla cəzasız qalmaq mümkündür.Yetər ki, sistemin mövcudluğunda hansısa rol oynayasan. Yaxud bu rol oynayanlardan kimlərisə, yaxud kimisə satın almaq iqtidarında, gücündə olasan. Belə olan halda yazılı qanunları pozub cəzasız qala bilərsən, ancaq bu sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Sistemin yazılmamış qanunlarını pozmusansa. Ki, bunlar hamıya məlum olduğu kimi bir jurnalistin doğruları, həqiqətləri yazıb göstərməyi, bir siyasətçinin müxalif mövqeyi, bir bloqqerin internetdə öz fikirlərini yazmağı, bir aktivistin dinc etirazı, bir ölkə vətəndaşının öz haqqını tələb etməyidir. Qısası vicdanına qulaq asan dilinin olmağıdır.
Vicdanlı olursunuzsa, siz artıq sistemin yazılmamış qanununu pozursunuz və sizin artıq cəzadan qurtulmaq şansınız yoxdur. Mən də bu gün həmin qanunu pozmuşam və özüməqədərki bu vəziyyətdə olanların sırasına qoşulmuşam. Ancaq bu yazılmamış qanunları pozanda bu sistem bizi yazılı qanunları pozmaqla ittiham eləyir, cinayətlə şərləyir və həmin qanunlarda nəzərdə tutulan cəzaları verir. Bu da hamıya məlumdur. Bunu eləməklə öz yazılmamış qanunlarını kağıza köçürməyə guya utanırlar. Ancaq hər il bu utancaqlıq daha da azalır. Yəqin növbəti intervalda bu utancaqlıq, ümumiyyətlə, qalmayacaq və elə insanları kölə olmaq istəmədikləri üçün birbaşa ittiham edib cəzalandıracaqlar. Əslində, bu, bizim üçün yaxşı olardı. Yəni vicdan məhbusları, doğrunu istəyən insanlar üçün yaxşı olardı. Çünki belədə cibimizə, evimizə qoyulan narkotik, “molotov kokteyli”nin, silah-sursatın bizim olmadığını sübut eləməyə, danışmağa əziyyət çəkmərik. İğtişaş törətmək yox, sadəcə söz demək istədiyimizi sübut eləməyə əziyyət çəkmərik. Kiminsə kök saldığı kreslodan yıxıb, o kresloda özümüzün kök salmaq istədiyimizi yox, sadəcə həmin kresloda oturanın vaxtı gələndə getməli olduğunu istədiyimizi açıqlamağa əziyyət çəkmərik. Birbaşa nə etmişiksə, onunla da ittiham olunardıq. Yəni totalitar bir sistemin vətəndaşı olarıq. Bilmirəm, bu olacaq, ya olmayacaq, mən hər halda bunun olmamalı olduğuna inananlardan biriyəm, ona görə də bu gün vicdan məhbusu kimi burda hökm verməyiniz üçün sizin dırnaqarası ədalət məhkəmənizə çıxarılmışam. Sistemin qanunlarından birini pozub, vicdanlı insan olaraq hansısa şəkildə etiraz eləməyim bu etirazımı heykələ şüar yazaraq çatdırmağım, bildirməyim, sistemin öz yalanlarını doğru kimi qəbul etdirmək üçün yaratdığı pərəstiş kultunun simvolunda yazı yazaraq etiraz eləməyim, bəziləri tərəfindən guya mənim, Bayramın həyatda olmayan şəxsin xatirəsini təhqir olunması kimi qələmə verilib.
Hərçənd ki, bu, belə olsa da, olmasa da, biz heykələ yazıb etiraz etməsək və yaxud başqa şəkildə bizdən əvvəlki insanların timsalında gördüyümüz kimi bura çıxarılacaq vəziyyətdəyik. Yəni demək istədiyim odur ki, bunun bizim həyatda olmayan birinin xatirəsini təhqir eləyib hay-küy qaldırmağı və bizə verəcəyiniz cəzanın buna görə bir qədər də artırmağı ki, bunun heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə başının içində beyin yerinə pambıq gəzdirənlərin deyib danışa biləcəyi bir şeydir. Çünki indiki halda bu mövcud vəziyyətdə sistemin simvoluna, həmin heykələ şüar yazıb etiraz bildirməklə biz onu kiminsə şəxsinə ucaldılmış abidə kimi yox, bu sistemin böyük qardaşa göstərdiyi sevgi olaraq təzim elətdirilən bir pərəstiş kultu, simvolu kimi görmüşük. Ona görə ona şüar yazıb, sistemə bu cür etiraz eləmişik. Yoxsa kiminsə xatirəsinə ucaldılmış abidə kimi yox. Bir daha təkrar edirəm ki, bu cür yəni kiminsə guya xatirəsini təhqir elədiyimizi söyləyib, “heykələ niyə yazırdınız, gedib öz babanızın qəbir daşına yazaydınız” demək sadəcə gülüncdür. Bayaq dediyim kimi, başının içində beyindən başqa nə desəniz daşıyan biriləri ancaq bunu deyə bilər. Təcridxana rəisi də belə adamlardan biri idi. Mənə deyirdi ki, bunu elədiyinə görə xalq səni linç eləyər. Bilmirəm, bu dediyinə nə qədər inanır, nə qədər yox. Yoxsa xalq deyəndə polis idarəsindəki bir dəstə quldurumu nəzərdə tutur, deyə bilmərəm. Amma xalq bizi, doğrudan da, linç edərdisə, rəisin sözündən belə çıxır ki, bu sistemin bir ünsürü kimi biz ona və polis idarəsinə, polislərə təşəkkür eləməliyik. Təşəkkür eləməliyik ki, nə yaxşı siz bizi tutmusunuz, yoxsa xalq bizi linç eləyərdi buna görə. Bu, çox klişe bir ifadəni xatırladır mənə: “Nə yaxşı ki, siz bizi döyürsünüz, nə yaxşı ki, siz az yeyirsiniz, başqaları gəlib bizi çox döyərdi, başqaları gəlib çox yeyərdi”. Rəisin dedikləri də bu şeylərin analoqudur.
Bundan başqa, narkotik ittihamı ilə özümü müdafiə etməyəcəm, ən başda da dediyim kimi. Özü alçaqlığın hansısa bir pilləsində qərar tutmuş polis idarəsinin rəisi guya bizə mənəvi işgəncə vermək üçün, ya da alçaltmaq üçün yeri süpürtdürürdü, təmizlik işləri eləməyə məcbur elətdirirdi. Bu aciz məxluq başa düşmür ki, biz onun əmri ilə məcbur olub yeri təmizləməklə özümüzü alçalmış hiss eləmərik. Biz həbsxanaya girməyi gözə alanlarıq. Bundan qorxmayanlar olaraq özümüzü onda alçalmış hiss edirik ki, yalan maşınının dili ilə desək, Avropanın inkişaf eləmiş şəhərlərindən, paytaxtlarından olan şəhərin küçələrini ac qalmamaq üçün qarşılıqla yaşlı qadınların süpürdüyünü görürük. Biz onda özümüzü alçalmış hiss edirik ki, oturduğu kresloda kök salan və bizim kimi adi tələbələrə – fərqi yoxdur, etirazçı və nə olmasından asılı olmayaraq- “qabağımda diz çökməlisiniz”, “mən şaham, qanun da mənəm” deyən xəstə zehniyyətli Mirqafarlar və onun kimi xəstə zehniyyətlilər, iyerarxiyada qərar tutanların əmri ilə sistemin qurduğu kölələri, quldurları meydanlarda orduda oğlunu, övladını itirən anaları sürüyürlər. Onların səsini çatdırmağa çalışan insanları sürüyürlər. Biz bunu görəndə özümüzü alçalmış hiss edirik. Mirqafar kimilərin qabağında diz çökəndə özümüzü alçalmış hiss eləmirik. Özümüzü onda alçalmış hiss edirik ki, bu cür zehniyyət sahiblərinin əmrləri ilə hərəkət eləyən muzdlu quldurlar….”
azadliq.info