Azərbaycanın adı 10 milyon dollarlıq korrupsiya skandalında hallanır

ABŞ-ın Nyu-York Tayms qəzeti 10 milyon dollarlıq korrupsiya qalmaqalında Azərbaycanın adını hallandırıb. Məqalədə Azərbaycan hökumətinin Beynəlxalq Boks Asosiasiyası (AİBA) ilə korrupsiya əlaqəsinə malik olduğuna dair iddialar yer alıb. Məqalənin xülasəsini təqddim edirik.
Beynəlxalq Olimpiya rəsmilərinin maliyyə problemlərini həll etməsi üçün Beynəlxalq Boks Asosiasiyasına (AİBA) təzyiqlərinin ardından, AİBA-nın prezidenti Çinq-kuo Vu 2015-ci ildə “PricewaterhouseCoopers” mühasibat firmasına göstəriş verdi ki, təşkilatda tədqiqata başlanılsın. Hesabatda o qədər qanun pozuntuları aşkara çıxdı ki, auditorlar təklif etdi ki, federasiya özünə cinayət hüquqşünası tutsun.
Bu yaxınlarda Nyu-York Tayms hesabatı bütövlüklə əldə etməyi bacarıb. Hesabat mühasibat kəsrlərini ortaya çıxarır və ən məşhur Olimpiya idmanlarından birinin menecmenti haqqında suallar yaradır.
Araşdırmaçılar 2010-cu ildə Azərbaycanın bir özəl şirkətindən Şimali Amerikada təşkil olunan yeni boks liqasının ödənişləri üçün borc alındığına fokuslanıb. Borc heç vaxt geri ödənilməyib və araşdırmaçılar 4.5 milyon dolların necə xərcləndiyini müəyyən edə bilməyib. AİBA boks federasiyası açıqlaya bilməyib ki, bu pul hara yoxa çıxıb. İsveçrədə yerləşən boks federasiyası qanunları pozaraq, maliyyə itkilərinin hesabını verə bilməyib.
Həvəskar boks rüşvət, dopinq, saxtakarlıq, oyun alqı-satqısı hadisələrinə görə uzun müddətdir ki, korrupsiya mənbəyi olaraq görülüb. Rio Olimpiya Oyunlarından sonra 36 boks hakimi mübahisəli qərarlarına görə boksdan uzaqlaşdırılmışdı.
Benkons MMC və Azərbaycan Boks Federasiyasının təmsilçiləri məsələyə dair şərh verməkdən imtina edib.
Bəzi keçmiş AİBA işçiləri qeyd ediblər ki, borcun verilməsi Azərbaycan boksçularının medallarının artımı ilə eyni vaxta düşüb.
2010-cu ildən bəri, həmin borc veriləndən sonra son 3 dünya çempionatında Azərbaycan 4-ü qızıl olmaqla, 9 medal qazanıb. Ondan əvvəlki 3 çempionatda isə Azərbaycan cəmi 4 medal qazanıb və bunlardan heç biri qızıl olmayıb. Azərbaycan sonuncu 2 Olimpiadada 4 medal qazanıb, ondan əvvəlki 2 Olimpiadada isə 3 medal qazanıb.
Keçmiş təşkilat üzvləri borcun təsir vasitəsi qazanmaq üçün verildiyindən şübhələnirlər.
Nyu-York Taymsa yazdığı elektron məktubda deyib ki, “Biz, boks işi ilə məşğul olanlar bilirik ki, Azərbaycan boks medalları əldə etməkdə çox istəkli idi.”