Beynəlxalq

Azərbaycan Media Hüququ İnstitutu bəyanat yaydı

“Media Hüququ İnstitutu ifadə azadlığı sahəsində tanınmış vəkillər Elçin Sadıqova və Zibeydə Sadıqovaya qarşı qanunsuzluqlarla müşayət olunan təhlükəli təzyiq kampaniyasından ciddi narahatlıq keçirir”.

Təşkilatın bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, hər iki vəkil uzun illər Media Hüququ İnstitutu komandasının fəal üzvləri olublar, onlarla işlərdə jurnalistləri, bloqqerləri, ifadə azadlığından istifadə etdiyinə görə basqılara məruz qalan şəxsləri müdafiə ediblər.

“Vəkillər bu gün qanunsuz ittiham və məhdudiyyətlərlə üzləşən onlarla şəxsin, o cümlədən Meydan TV jurnalistlərin, “qraffiti işi”nə görə ittiham edilmiş Qiyas İbrahimov və Bayram Məmmədovun, yazıçı Əkrəm Əylislinin, bloqqer Mehman Hüseynovun və başqa şəxslərin müdafiəsini aparırlar”.

Bəyanatda bildirilir ki, Elçin Sadıqov noyabrın 2-də müdafiəsini apardığı jurnalistlərdən birinin işi ilə bağlı Daxili İşlər Nazirliyinin siyasi xarakterli işlərdə xüsusi fəallığı ilə seçilən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş idarəsində qeyri-rəsmi xəbərdarlığa məruz qalıb. Bundan bir neçə saat sonra isə E.Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqovanın hələlik bəlli olmayan qanunsuz yollarla ələ keçirilmiş özəl fotoları facebook-da anonim şəxs adından yayılıb.

MHİ qeyd edir ki, fotoların qanunsuz ələ keçirilməsi və yayılması vəkillərin müdafiə etdiyi şəxslərin müdafiəsindən geri çəkilməyəcəyi halda daha sərt basqılarla üzləşəcəyi barədə xəbərdarlıqdır.

“Hüquq xidməti göstərən şəxslərə qarşı belə basqılar ölkədə ədalət mühakiməsinin həyata keçirilməsində böyük problemlərin olduğunu bir daha əyani sübut edir. Hökumət ədalət mühakiməsinin digər iştirakçıları (hakimlər, prokurorlar, müstəntiqlər) kimi müdafiə tərəfinin əsas şəxslərindən olan vəkillərin də hüquqlarını, təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyır”.

Bəyanatda vəkillərə qarşı qanunsuz addımların dayandırılması, müvafiq qurumların bu hadisələri təcili və səmərəli araşdırması istənilir.

 

Daha çox göstər
Back to top button