Vəkil: “Faiq Əmirli ilə bağlı istintaq hərəkəti aparılmır”

“Azadlıq” qəzetinin keçmiş yayım direktoru Faiq Əmirli ilə bağlı hər hansı istintaq hərəkəti aparılmır.
Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layicov bildirib.
A.Layicovun bildirməsinə görə, həbsin ilk günlərindəki istintaq hərəkəti nəzərə alınmazsa, son iki aydan yuxarı müddətdə hər hansı yenilik olmayıb.
Ancaq vəkil deyir ki, F.Əmirlinin ailə üzvləri ilə görüşünə icazə verilmirdi. Artıq görüşə icazə verilir: «Hesab edirəm ki. bundan sonra F.Əmirlinin ailə üzvləri ilə görüşünə hər hansı problem olmayacaq».
F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü məqsədi ilə 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.