Turan: “Azərbaycanda iqtisadi böhran fundamental azadlıqların boğulmasından irəli gəlir”
Azərbaycanda sistemli böhran beynəlxalq qurumların insan hüquqlarının, ifadə azadlığının pozulması ilə bağlı güclənən tənqidləri ilə ayaq-ayağa gedir.
Azərbaycan hökumətinin qərəzli adlandırdığı Human Rights Watch-un, Sərhədsiz Reportyorların məruzələrinə BMT İnsan Hüquqları Komitəsinin prezident İlham Əliyev administrasiyasının həyata keçirdiyi siyasətdə daşı daş üstündə qoymayan məruzəsi də əlavə olundu.
Bu sahədə sonuncu hesabatlar və iqtisadi böhranın dərinləşməsi prosesinin davam etməsi, habelə Əliyev komandasının dezinteqrasiyası insan hüquq və azadlıqları böhranı ilə Azərbaycandakı vəziyyət arasında dərin əlaqə olduğunu göstərir.
Ekspertlərin əksəriyyəti və ilk növbədə iqtisadçılar ölkənin ən yeni tarixi boyunca ən güclü sistemli böhranın səbəblərini iqtisadiyyatın şaxələndirilməsi sahəsində yanlış siyasəti, inhisarın, korrupsiyanın mövcudluğu və bütünlükdə ölkənin “xalq” təsərrüfatının yanlış idarəetməsi ilə izah edirlər.
Əlbəttə, bütün bu amillər mövcuddur və həm mütəxəssislərin, həm də cəmiyyətin kifayət qədər diqqətinə layiqdir, amma yenə də böhranın əsas səbəbini dövlətin bütün sahələrdə uğurlu siyasətinin formalaşdırılmasında əsas və istiqamətverici amillər olan fundamental hüquq və azadlıqların kütləvi şəkildə pozulmasında axtarmaq lazım idi.
Məsələ ondadır ki, qeyri-hökumət vətəndaş cəmiyyəti institutlarının, o cümlədən KİV, QHT, siyasi partiyaların metodik şəkildə boğulması, birincisi, daxili və xarici siyasətin müxtəlif aspekt və istiqamətlərinin “dövlət+cəmiyyət” formatında ictimai müzakirəsi sisteminin dağılmasına, ikincisi, dövlət üzərində ictimai nəzarətin itirilməsinə gətirib çıxardı.
Hadisələrin belə inkişafı Azərbaycanın eksklüziv bayağılığı deyil, rəqib vətəndaş cəmiyyəti institutları birliyi tərəfindən nəzarət mexanizmi olmadığı təqdirdə siyasi hakimiyyətin düşkünlüyü qanunauyğunluğunu təzahürüdür. Əminliklə demək olar ki, dünyada istənilən ən demokratik hökumət üzərində kütləvi kommunikasiya vasitələri tərəfindən ictimai nəzarətin olmaması mütləq onun tənəzzülünə və hakimiyyətin qəsb edilməsinə gətirib çıxarar.
Prezident İlham Əliyev müntəzəm olaraq hissə-hissə ictimaiyyətə gələcək islahatlara hazırlıq haqqında siqnallar verir. Amma onun ifadə azadlığı, insan hüquqları ilə bağlı bütün “dialoqsuz hərəkətləri” ölkənin böhrandan çıxması üçün ümid qoymur və əksinə, böhranın dərinləşəcəyi, əhalinin həyat səviyyəsinin pisləşəcəyi, ölkənin hərbi, siyasi, iqtisadi potensialının zəifləyəcəyi haqqında siqnal verir. Hökumətin həm rəqibi, həm də tərəfdaşı kimi çıxış edə biləcək və belə də etməli olan müstəqil KİV, QHT institutu bərpa edilmədən Azərbaycanda onun vəd etdiyi islahatlar uğurlu ola bilməz və nəticə verməz.