Beynəlxalq

«Freedom House»: Azərbaycanda internet qismən azaddır

İnternetdə azadlıq getdikcə daha çox məhdudlaşmaqdadır. «Freedom House» beynəlxalq insan haqları təşkilatının internetdə azadlıqla bağlı builki hesabatında belə deyilir. Təşkilatın araşdırması üzə çıxarıb ki, indi dünyanın daha çox ölkəsində sosial media və kommunikasiya tətbiqetmələrinə (applikasiyalarına) hücumlar həmişəkiylə müqayisədə xeyli artıb.

«Facebook» və «Twitter» kimi sosial platformaların əvvəlki illərdə də senzurayla üzləşdiyi bəlli idi. İndi isə «WhatsApp» və «Telegram» kimi tətbiqetmələr də hökumətlərin hədəfinə tuş gəlir.

«Bu xidmətlər informasiyanın daha sürətlə yayılmasına, istifadəçilərin bir-biriylə tez və təhlükəsiz bağlantısına imkan verir, hakimiyyətin informasiya axınına nəzarətini çətinləşdirir və beləliklə, hökumətə təhlükəyə çevrilir». «Freedom House» təşkilatının internetdə azadlıq məsələləri üzrə direktoru Sanja Kelly belə deyib.

Qurum internet istifadəçilərinin 88%-ni əhatə edən 65 ölkəyə qiymət verib.

100 ballıq qiymətləndirmədə Azərbaycan 57 balla «qismən azad» ölkələrin siyahısına düşüb. Keçən il Azərbaycanın qiyməti nisbətən yaxşı idi – 56 bal almışdı. Digər Qafqaz ölkələri – Gürcüstan (25 bal) və Ermənistan (30 bal) interneti azad olan ölkələrin sırasındadırlar. Azərbaycanın o biri qonşuları – Türkiyə (61 bal), Rusiya (65 bal) və İran (87 bal) interneti azad olmayan ölkələrdir.

«Freedom House» indi internet istifadəçilərinin 2/3-nin, yəni dünya istifadəçilərinin 67%-nin interneti senzuraya məruz qalan ölkələrdə yaşadığını bildirir. 24 ölkədə hökumət sosial media və rabitə xidmətlərinə girişə məhdudiyyət qoyub, keçən il belə ölkələrin sayı 15 idi.

Daha çox göstər
Back to top button