Beynəlxalq

Heydər Əliyevin abidəsini yazdıqlarına görə həbs olunan gənclərə dəstək aksiyası

Ötən gün Tbilisidə Azərbaycan səfirliyinin qarşısında Heydər Əliyevin abidəsi üzərində yazı yazan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun həbsinə etiraz olaraq aksiya keçirilib.

Aksiya gənc gürcü fəallar və Azərbaycandan olan siyasi mühacirlər tərəfindən təşkil edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aksiya iştirakçıları həbsdə olan digər fəalların da azadlığa buraxılmasını tələb edib.

Piketçilər Azərbaycan hökumətindən Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə və Avropa konvensiyalarının müddəalarına əməl etməyə çağırıb. Onlar “Azadlıq!” şüarını səsləndiriblər.

* Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da H.Əliyevin abidəsinin üzərinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” yazdıqlarına görə həbs olunublar.

Gənclər külli miqdarda qanunsuz narkotik maddənin  dövriyyəsində ittiham olunub.

Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. B.Məmmədovun məhkəməsi davam edir.

Amnesty International təşkilatı hər iki fəalı “vicdan məhbusu” kimi tanıyıb.

Daha çox göstər
Back to top button