Beynəlxalq

Faiq Əmirlinin işi Avropa Məhkəməsində

“İttiham əsassızdır, heç bir istintaq hərəkəti aparılmır”

Noyabrın 21-i hakim Əflatun Qasımovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

Noyabrın 11-də Nəsimi Rayon Məhkəməsi onun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb. Faiq Əmirlinin vəkilləri həmin qərardan şikayət vermişdi.

Apellyasiya məhkəməsi rayon məhkəməsinin qərarını əsaslı sayıb, şikayəti rədd edib.

Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna məhkəmənin bu qərarını əsassız olduğunu deyib:

“İttihamın əsassız olduğunu, heç bir istintaq hərəkətinin aparılmadığını, eləcə də Faiq Əmirlinin səhhətində ciddi problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırdım və onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdım. Hakim prokuror Səttar Rzayevin “şikayət təmin edilməsin” fikrini üstün tutaraq, Faiq Əmirlinin həbsdə qalması barədə qərar verdi”, – deyə vəkil qeyd edib.
Vəkil məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib. “Artıq Faiq Əmirovun həbsi ilə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması barədə şikayətimizi bir həftə öncə Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb”, – deyə vəkil bildirib.

Faiq Əmirov 2016-cı il avqustun 20-də saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fetullah Gülənin tərəfdarlarının

“Hizmet” Hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirli ittihamı qəbul etmir və siyasi sifariş sayır.
AXCP-nin bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Daha çox göstər
Back to top button