Nardaran sakini həbs edildi

Nardaran sakininin atası və qardaşı “Nardaran işi” ilə bağlı həbs olunanların arasındadır
Nardaran sakini Fail Atabala oğlu Şahbazov bu gün səhər saatlarında Sabunçu rayon 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. “Azadxəbər”-ə daxil olan məlumata görə, 30 sutka həbs cəzası verilən Nardaran sakininin atası və qardaşı “Nardaran işi” ilə bağlı həbs olunanların arasındadır. Yaxınları onun hazırda “Nardaran işi” ilə bağlı gedən məhkəmə prosesində aktiv iştirak etdiyini bildirirlər.
Bu haqda AzadlıqRadiosuna «Nardaran işi» üzrə təqsirləndirilən şəxslərdən bir neçə nəfərin, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib. Vəkil deyir ki, F.Şahbazovun nəyə görə cəzalandırıldığı deyilməyib.
Müdafiəçi bu hadisənin «Nardaran işi» məhkəməsinə gələnlərə təzyiqlərin tərkib hissəsi olduğunu istisna etmir.
Ötən məhkəmə iclaslarının birində Taleh Bağırov bildirmişdi ki, məhkəməyə gələn qəsəbə sakinləri, hətta təqsirləndirilən şəxslərin yaxınları belə, polisə çağrılıb təhdid olunur.
Təqsirləndirilən İbrahim Xəlilovun dediyinə görə, qaynını polisə çağırıb, ondan bacısının öz həyat yoldaşının məhkəməyə getməməsini tələb ediblər.
«Fail Atabala oğlu Şahbazov da daim bu məhkəmə prosesinə gəlirdi. Bu baxımdan, istisna olunmur ki, o da məhkəməyə gələnlərə qarşı təzyiqlər kontekstində cəzalandırılıb. Adamı çağrıblar, o da könüllü şəkildə gedib. Ola bilsin ki, qərarda inzibati həbsin səbəbi olaraq polisə müqavimət, yaxud küçədə ünvansız söyüş söyməsi kimi halları göstərsinlər. Amma bu, səbəb deyil, sadəcə, qanunsuz həbsi rəsmiləşdirmək üçün bəhanə ola bilər», – vəkil bildirib.