Nardaran şahidləri yenə təzyiq altında…
2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı məhkəmə işində şahid olanlar yenə polisə çağrılıb. Qəsəbə sakinləri olan daha iki şahid – Allahverdi Hadıyev və Yusif Fərəcov noyabrın 23-də səhər Sabunçu rayonu 42-ci polis bölməsinə aparılıblar.
Bu barədə AzadlıqRadiosuna «Nardaran işi» üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib.
Müdafiəçi bildirib ki, adları çəkilən iki nəfər axşama qədər polis bölməsində saxlanılıb.
Vəkil bu saxlanılmanın «Nardaran işi» üzrə şahidlərə təzyiqlərin tərkib hissəsi olduğunu istisna etmir: «Allahverdi Hadıyev və Yusif Fərəcov ittiham tərəfinin şahidləridir və hələ məhkəmədə dindirilməyiblər. Məhkəmədə ittiham tərəfinin şahidlərinin əksəriyyəti dindirilərkən istintaqda təqsirləndirilən şəxslərin əleyhinə verdikləri ifadələrdən imtina etdilər. Bildirdilər ki, o ifadələrdə yazılanlar onların fikirləri deyil, həmin ifadələrə təzyiq altında, oxumadan imza atıblar. Məhkəmədə bu cür ifadələrin sayı artandan sonra polislərin şahidlərə təzyiqləri başladı. İstintaqdakı ifadələrindən imtina edən iki nəfər fiziki təzyiqlərə məruz qaldı. Hələ dindirilməmiş şahidləri – Nardaran, Maştağa sakinlərini də polisə aparıb, onlara hədə-qorxu gəlib, istintaqdakı ifadələrini məhkəmədə də təsdiqləməyi tələb ediblər. Polisin şahidləri bölmədə toplayıb xüsusi avtobusla məhkəməyə gətirməsi, orada gözləyib, məhkəmə başa çatandan sonra yenidən onları ora qaytarıb, bir müddət saxlamasını məhkəmədə şahidlər özləri də təsdiqlədilər», – Y.İmanov bildirib.