Rusiya ATƏT-in Minsk qrupunda həmsədrini yaxın müddətdə dəyişmək niyyətində deyil

Rusiya Federasiyası ATƏT-in Minsk qrupundakı rusiyalı həmsədri İqor Popovu dəyişmək niyyətində deyil. Bu haqda jurnalistlərə müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Bir müddət əvvəl ABŞ və Fransa ATƏT-in Minsk qrupundakı həmsədrlərini dəyişdiklərini elan ediblər. Rusiya XİN 2010-cu ildən həmsədr olan İqor Popovu dəyişdirməyi planlaşdırırmı?” suala cavabında M. Zaxarova ABŞ və Fransanın həmsədrlərin dəyişdirilməsi ilə bağlı qərarlarını səfirlərin rutin rotasiyası adlandırıb:
“Fikrimizcə, bu, səfirlərin rutin rotasiyasıdır. Bir istiqamətdə müəyyən müddət işləyən diplomatlar digər yerlərə göndərilir. Biz bunda hər hansı siyasi əsas görmürük. O ki qaldı İqor Popovun dəyişdirilməsi ilə bağlı məsələyə, məlum olduğu kimi o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.