Azərbaycanda icra başçısı artıq həbsdə olan jurnalisti məhkəməyə verib

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov hazırda həbsdə olan jurnalist, “jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib.
İcra başçısı jurnalistin ona böhtan atdığını iddia edir.
Xüsusi ittiham qaydasında verilmiş şikayət “jam.az” saytında may ayında yayılmış “Nə gündəsən. Amaşov” sərlövhəli məqalə ilə bağlıdır. Həmin məqalədə Masallı rayon icra başçısının rayona səfər edən Mətbuat Şurasının sədri Əflatun Amaşova rüşvət verməsi iddia olunur.
R.Hüseynov məqalənin yanlış bilgilərə söykəndiyini, ona böhtan atıldığını bildirir.
İcra başçısı şikayətində F.Fərəməzoğlunun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinə əsasən həbs edilməsini tələb edib.
Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.