Beynəlxalq

Vəkil Sumqayıt polisində jurnalistə işgəncə verildiyini bildirib

Sumqayıt şəhər məhkəməsinin 25 noyabr tarixli qərarı ilə realliq.info portalının redaktoru İkram Rəhimov bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Rəhman Novruzov da CM-in 147.2-ci (ağır və xüsusilə ağır cinayətin törədilməsi haqqında böhtan) maddəsi ilə eyni müddətə məhkum edilib.

Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, sözügedən şəxslər “Hürriyyət” qəzetində “Ucuz market” ticarət mərkəzlərinin vergi ödənişindən yayındığı haqqında məqalə dərc etdikdən sonra həbs olunublar.

Novruzov məlumatın mənbəyi idi, müəllif isə Vergilər Nazirliyinin sənədinə istinad edirdi.

Məqalədə həmçinin qeyd edilir ki, “Ucuz market” ticarət mərkəzləri Sumqayıt şəhər icra hakimi Zakir Fərəcov tərəfindən bağlanmışdı və ona rüşvət verildikdən sonra açılıb. Xüsusi ittihamçı kimi “Ucuz market” şəbəkəsinin rəhbəri Vüqar Qələndərov çıxış edib.

Vəkil bildirib ki, Rəhimov noyabrın 25-də məhkəmə zalında həbs edilib, amma onu istintaq təcridxanasına deyil, Sumqayıt şəhər polis idarəsinə aparıblar, üç gün onu qanunsuz olaraq orada saxlayıblar və rəis müavini Hikmət Qasımovun kabinetində ona işgəncə veriblər.

Ondan Sumqayıt şəhər icra başçısından üzr istəməyi tələb ediblər. O, imtina etdikdə isə başına sellofan paket keçiriblər və boğulana qədər saxlayıblar.

Ondan yenə üzr tələb ediblər və bu proses videoya çəkilib, Fərəcov bunu on-layn müşahidə edirdi.

Rəhimov işgəncələrə dözməyib başını stulun kənarına vurub, gicgahından xəsarət alıb. Bundan sonra işgəncəni dayandırıblar.

Kameraları söndürdükdən sonra polislər deyiblər ki, Rəhimov haqlıdır, amma onlar Fərəcova tabe olurlar, çünki o, onların “naziridir”.

Vəkil Sadıqov Baş Prokurorluğa şikayətlə müraciət edib.

Sumqayıt şəhər icra hakimiyyətindən vəkilin bəyanatı ilə bağlı şərh vermək xahişinə cavabda bildiriblər ki, şəhər icra başçısı Fərəcov özü artıq mətbuatda bununla bağlı çıxış edib və ümumiyyətlə bu işlə əlaqəsi olduğunu təkzib edib. O, ünvanına olan ittihamları “tamamilə cəfəngiyyat” adlandırıb.

Daha çox göstər
Back to top button