ADR Hərəkatı Azərbaycan hökümətindən kompleks islahatlar tələb etdi
Tarif Şurasının son qərarı ilə təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının və dərman peraparatlarının qiymətlərinin kəskin bahalaşdırılması əhali arasında təşviş və narazılıq doğurub. Bu sözlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının qazın və işığın qiymətlərinin bahalaşdırılması ilə əlaqədar yaydığı bəyanatındandır.
ADR Hərəkatı hesab edir ki, inhisarçı subyektlərin müraciətləri əsasında ekspert və məsləhətçilər cəlb edilmədən, monitorinq və sorğular keçirilmədən, iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparılmadan qiymətlərin artırılması barədə qərar qəbul edilmişdir.
ADR Hərəkatı hesab edir ki, tariflərin artırılması zamanı əhalinin sosial durumu, onun alıcılıq qabliyyəti nəzərə alınmamış, qəbul edilmiş tarif differensiyası həddinin müəyyənləşdirilməsi zamanı sosial ədalətlilik prinsipi pozulmuşdur. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq, umumi inflyasiya səviyyəsi yüksələcək, kommunal xidmətlərin vaxtında və tam şəkildə ödəniş səviyyəsi aşağı düşəcək, əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları azalacaq. Bütün bunların nəticəsində sosial narazılıq artacaq, ədalətli olmayan differensiyalaşma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək.
ADR Hərəkatı hesab edir ki, kompleks islahatlara start verilməzsə, tariflərin tənzimlənməsində yeni tətbiq olunan differensial yanaşma qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş inhisarçı subyektlərin fəaliyyətində müşahidə olunan pis idarəçilik və israfçılıq korrupsiya və mənimsəmə hallarının artmasına, maliyyə intizamının pozulmasına gətirib çıxaracaq.