Təhlil

Hökumət islahatlara başlamalı və ya istefa verməlidir – ekspert

Azərbaycan əhalisinə xidmət göstərən inhisarçıların vəziyyəti pisləşib, bu da kommunal xidmət qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Bu fikri Demokratiya və İnkişaf naminə Hərəkatın lideri, məşhur iqtisadçı Qubad İbadoğlu Turan agentliyinin “Çətin Sual” verilişinə müsahibəsində bildirib.

İbadoğlu qeyd edib ki, inhisarçıların beynəlxalq maliyyə-kredit təşkilatları qarşısında öhdəlikləri var, onlar bu öhdəlikəri yerinə yetirə bilmir.

“Buna görə onların əsas məqsədi qısa müddətdə əhalidən daha çox pul yığmaq və beynəlxalq kreditorların borcunu ödəməkdir”, deyə o bildirib.

Ekspert xatırladıb ki, ötən il “Azəriqaz” və “Azərişıq” Asiya İnkişaf Bankı ilə böyük kredit alınması haqqında memorandum imzalayıblar.

“Kredit xəttində bildirilir ki, Azərbaycan ümumi dəyəri 1 mlrd. dollar olan layihəyə 250 mln. dollar yatıracaq. Layihənin əsas məqsədi energetika sektorunun investisiya imkanlarını inkişaf etdirməkdir. Bu kredit sazişinin şərtlərindən biri tariflərin artırılmasıdır”, deyə İbadoğlu qeyd edib.

İqtisadçı bildirib ki, tariflərin artırılmasını mənfi qiymətləndirir, belə ki, bu qərar əsaslandırılmayıb, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmayıb, bazarın tələbləri araşdırılmayıb.

Eyni zamanda, enerji daşıyıcılarının limiti düzgün müəyyən olunmayıb.

Bu qərarın nəticələrinə toxunan ekspert qeyd edib ki, nəticələr müxtəlif ola bilər: yoxsulluq səviyyəsi arta, sahibkarlıq imkanları məhdudlaşdırıla, iş yerləri ixtisar edilə, əmək haqları azaldıla bilər.

“Əhali pul olmadığına görə kommunal borcları ödəməkdən imtina edə bilər ki, bu da hökumətin əhalidən daxilolmaları artırmaq ümidlərini doğrultmayacaq”, deyə iqtisadçı qeyd edib.

Onun fikrincə, təqaüdçülərə və aşağı gəlirli şəxslərə xüsusilə ziyan dəyəcək. Söhbət 2-2,5 mln. nəfərdən gedir.

İbadoğlu hesab edir ki, gözlənilmədən tariflərin artırıldığını elan edən Azərbaycan Sosial Xartiyanın tələblərini pozub.

İslahatların aparılması zərurətinə toxunan ekspert bildirib ki, Azərbaycan hökuməti islahatları həyata keçirməyə gecikir.

“Buna görə, hesab edirəm ki, gələn il Tarifş Şurasından yeni qeyri-populyar qərarlar gələcək”, deyə iqtisadçı xəbərdarlıq edib.

“Biz nikbinliyimizi itirməmişik. Hökumət düşünür ki, hələ islahatlar və hazırki problemlərin həlli üçün vaxt var, amma o başa düşmür ki, islahatlara hələ dünən başlamaq lazım idi, yoxsa istefa vermək lazım gələcək”, deyə o bildirib.

Hökumət öz məsuliyyətini və yanlış siyasətini, islahatlar imitasiyasının yanlış olduğunu dərk etməsə, vəziyyət “acınacaqlı” olacaq.

“İslahatlar üçün siyasi iradə, lider, komanda, düşünülmüş konsepsiya lazımdır. İslahatlar qeyri-neft sektoru və ixracın təşviq edilməsi haqqında bir neçə fərmanla keçirilmir”.

9 ayın yekunlarına görə qeyri-neft sahəsində ixrac 27% azalaraq, 844 mln. dollar təşkil edib. Bu göstərici hər ay cəmi 93,5 mln. dollar təşkil edir, bir halda ki, Azərbaycan iqtisadiyyatı üçün ən çətin illərdə belə bu sahədə aylıq ixrac 150-180 mln. dollar təşkil edib.

Bu statistika yuxarıda göstərilən heç bir rol oynamayan fərman və sərəncamların əhəmiyyətini göstərir, deyə ekspert bildirib.

Daha çox göstər
Back to top button