Azərbaycan hökuməti istefa verməlidir – ekspert
Azərbaycan əhalisinə xidmət göstərən inhisarçıların vəziyyəti pisləşib, bu da kommunal xidmət qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Bu fikri Demokratiya və İnkişaf naminə Hərəkatın lideri, məşhur iqtisadçı Qubad İbadoğlu Turan agentliyinin “Çətin Sual” verilişinə müsahibəsində bildirib.
İbadoğlu qeyd edib ki, inhisarçıların beynəlxalq maliyyə-kredit təşkilatları qarşısında öhdəlikləri var, onlar bu öhdəlikəri yerinə yetirə bilmir.
“Buna görə onların əsas məqsədi qısa müddətdə əhalidən daha çox pul yığmaq və beynəlxalq kreditorların borcunu ödəməkdir”, deyə o bildirib.
Ekspert xatırladıb ki, ötən il “Azəriqaz” və “Azərişıq” Asiya İnkişaf Bankı ilə böyük kredit alınması haqqında memorandum imzalayıblar.
İqtisadçı bildirib ki, tariflərin artırılmasını mənfi qiymətləndirir, belə ki, bu qərar əsaslandırılmayıb, əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmayıb, bazarın tələbləri araşdırılmayıb.
Eyni zamanda, enerji daşıyıcılarının limiti düzgün müəyyən olunmayıb.
“Əhali pul olmadığına görə kommunal borcları ödəməkdən imtina edə bilər ki, bu da hökumətin əhalidən daxilolmaları artırmaq ümidlərini doğrultmayacaq”, deyə iqtisadçı qeyd edib.
Onun fikrincə, təqaüdçülərə və aşağı gəlirli şəxslərə xüsusilə ziyan dəyəcək. Söhbət 2-2,5 mln. nəfərdən gedir.