Beynəlxalq

“Azadlıq” qəzeti “siyasi məhbusdur”

“Biz beynəlxalq hüquq müdafiə təşkilatlarına, beynəlxalq qurumlara səslənirik ki, səsimizin boğulmasına imkan verməyin. Yerli ictimaiyyətə isə demək istəyirik ki, hamımızın qəzeti olan “Azadlıq”ın itkisiylə barışmayaq. “Azadlıq” bir kollektivin ərsəyə gətirdiyi, amma bütün cəmiyyətin bəhrələndiyi qəzetdir. Hamınızın döyə biləcəyi qapıya qıfıl vurulub və bu qıfılı mütləq qırmaq lazımdır”.

Bu barədə “Azadlıq” qəzetinin kollektivinin yerli və beynəlxalq ictimaiyyətə müraciətində deyilir.

“Azadlıq” qəzeti 1989-cu il dekabrın 27-dən nəşr edilir, Azərbycanın ilk müstəqil qəzetidir. Qəzet daim tənqidi mövqe nümayiş etdirib, geniş ictimaiyyətin fikrini yayıb. “Azadlıq” qəzetinin satışdan əldə etdiyi 70 min manatdan çox pulu “Qasid” yayım firması redaksiyaya vermir. “Azadlıq”ın maliyyə direktoru Faiq Əmirov isə bu ilin yayında Fətullah Gülən tərəfdarı kimi həbs edilib. O, ittihamı “gülünc” adlandırıb.

Qəzet maliyyə çatışmamazlığından və texniki problemlərdən artıq 3 aydır çapını dayandırıb.

Kollektiv müraciətində qəzeti “siyasi məhbus” adlandırır.

“Bu siyasi məhbusun da hüquqlarını qorumaq lazımdır. Həm də bu siyasi məhbus bütün siyasi məhbusların səsinə çevrilib, bütün haqqı tapdananların yanında olub. “Azadlıq” doğum günlərini öldürülmüş kağız parçaları arasında qeyd etməməlidir.

Ümid edirik ki, qəzetin düşdüyü ağır vəziyyətdən çıxması üçün yerli və beynəlxalq ictimaiyyət əlindən gələni əsirgəməyəcək”, deyə sənəddə qeyd edilir.

Kollektivin firkrincə, qaranlıq qüvvələr “Azadlıq”ı qara zindana məhkum ediblər.

“Əgər bu ölkədə “Azadlıq”lar çox olsaydı, bu müraciətə o qədər də ehtiyac duymazdıq. Təəssüflər olsun ki, “Azadlıq” kökü kəsilməkdə olan azad sözün son nümayəndəsidir.

Dekabrın 24-də “Azadlıq” qəzetinin 27 yaşı tamam olacaq. 27 ildir ki, bu qəzet ailələrə həqiqət daşıyır, vətəndaşı təhlükələrdən xəbərdar edir, prinsiplərə xəyanət etmədən fəaliyyət göstərir. Amma ölkədə korrupsiyanın, saxtakarlığın, ədalətsizliyin doğulmasına xidmət edənlər “Azadlıq”ın 27-ci doğum gününü qeyd etməyə əngəl yaradırlar. “Azadlıq”a qarşı sifarişli məhkəmə hökmlərilə cərimələr ödətdirdilər, qəzeti maliyyə dəstəyindən məhrum etdilər, qəzetin əməkdaşlarını şərləyərək həbsə atdılar. Amma düşmənçilik bitmədi və qəzetin bütün çətinliklərə sinə gərərək ayaqda qalmasına dözmədilər.

Əvvəlcə “Azadlıq”ın maliyyə direktorunu gülünc ittihamlarla həbs etdilər, daha sonra süni əngəllərlə, qəzetin çapına süni hüquqi maneələr yaratdılar. 3 aydır ki, “Azadlıq” qəzeti dalana dirənib və qəzetin çapına hüquqi maneələr yaradılıb”.

Sənəddə deyilir ki, “Azadlıq” qəzeti mövcud hakimiyyətin şərləyərək həbs etdiyi siyasi məhbusdur.

“27 yaşlı qəzetin əllərini qandallayıblar. Əlbəttə ki, qəzetin elektron versiyası fəaliyyətdədir və bizi susdurmaq mümkün olmayıb.

Amma qəzetin kağız versiyasının böyük önəmi var və cəmiyyəti informasiya qıtlığından, dezinformasiyalardan xilas etmək üçün “Azadlıq”ın çapı mütləqdir.

Biz ölkə və dünya ictimaiyyətinə müraciət edirik ki, azad sözün son qalasının dağıdılmasına imkan verməyin”, deyə müraciətdə qeyd edilir.

Daha çox göstər
Back to top button