Təhlil

Azərbaycanda insan haqlarının durumuna dair Mövqe Sənədi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Azərbaycanda İnsan haqlarının durumuna dair Mövqe Sənədi

Ümumi vəziyyət. Cari il ərzində ölkədə avtoritarizmin daha da güclənməsi şəraitində insan hüquq və azadlıqlarının bütün sahələrdə mütəmadi olaraq pozulması halları kəskin şəkildə artıb. Icraedici hakimiyyətin mütləq idarəetməsi şəraitində məhkəmə hakimiyyəti tamamilə müstəqilliyini itirməklə yanaşı, prezident aparatının əlində cəza orqanına çevrilib. Hakimiyyət insan hüquq və azadlıqları ilə əlaqədar üzərinə götürdüyü beynəlxalq və regional öhdəliklərdən tamamilə geri çəkilib. BMT-nın “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”, “İnsan Hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası” kimi mötəbər beynəlxalq aktların normalarının Azərbaycanda tətbiqi demək olar ki, dayandırılıb. Yadfikirliliyə, siyasi pülüralizmə qarşı dözümsuzluk özünün pik həddinə çatıb.  Maddi əngəlləmələr, siyasi repressiyalar və işgəncələr vasitəsilə avtoritar hakimiyyət müxalif siyasi rəqiblərini daim qorxu altında saxlamağa çalışır, onların siyasi fəaliyyətlə məşğul olmasına maneçilik yaratmaqdadır. Siyasi partiya fəallarının mütəmadi olaraq izlənməsi, həbsə atılması ölkədə siyasi məhbusların sayını son 10 ilin ən yüksək həddinə çatdırıb. Ölkədəki insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlarının tərtib etdiyi son siyahıya əsasən siyasi və vicdan məhbuslarının sayı 160 nəfərdən çoxdur. Siyasi partiyaların və müstəqil qeyri-hökumət təşkilatlarının qapalı və açıq məkanlarda sərbəst yığışaraq tədbirlər keçirmək imkanları daha məhdudlaşdırılıb. Hakimiyyətə loyal münasibət bəsləyən qurumlara müxtəlif məkanlarda maneəsiz toplantılar keçirməyə icazə verildiyi halda, mütəmadi olaraq ödənişli şəkildə tədbirlərin həyata keçirildiyi Beynəlxalq Mətbuat Mərkəzində və digər qapalı məkanlarda müstəqil və müxalif qurumlara öz tədbirlərini keçirməyə imkan verilməyib. Bu hal il ərzində bir neçə dəfə təkrarlanıb.

Sərbəst toplaşmaq azadlığı. Əvvəlki illərdə olduğu kimi son 1 ildə də ölkədə mütəmadi olaraq sərbəst toplaşmaq azadlığı müxtəlif üsullarla məhdudlaşdırılıb. Yuxarıda qeyd olunduğu kimi bir sıra vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən Sivil Toplum Platformasının, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının, Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin, Milli Şuranın və digər qurumların hakimiyyətin nəzarətində olan müxtəlif müəssüsələrdə, konfrans zallarında o cümlədən Beynəlxalq Mətbuat Mərkəzində və digər yerlərdə qapalı zal tədbirlərinin keçirilməsinə imkan verilməyib. Konstitusiyaya edilən əlavə və düzəlişlərə etiraz edən Demokratik Qüvvələrin Milli Şurasının 11 sentyabrda Bakıda “Məhsul” stadionunda təşkil etdiyi  mitinqdən sonra dinc nümayişçilərə qarşı güc strukturları tərəfindən hücum edilib və zorakalıq göstərilib. Referendumla bağlı Milli Şuranın 17 sentyabr mitinqi öncəsi və sonrası dövrdə əksəriyyəti AXCP üzvü olan 250 nəfərdən çox şəxs polis tərəfindən saxlanılıb. Onlardan 27 nəfər inzibati həbs cəzasına məruz qalıb. 5 nəfər cərimə olunub və 5 nəfər işdən çıxarılıb. Bakı şəhərinin müxtəlif yerlərində etiraz aksiyalarının keçirilməsi üçün dəfələrlə müraciət olunsa da hakimiyyət yalnız Yasamal rayonunda “Məhsul” stadionunda mitinq keçirməyə razılıq verib.

Medianın durumu, jurnalistlərin təqibi və həbsi. Son 1 ildə onsuz da pis durumda olan medianın durumu daha da pisləşib. Hakimiyyət əksər media qurumlarını monopoliyaya alıb. Müstəqil və müxalif yönlü mediaya özəl şirkətlər tərəfindən reklam verilməsi yasaqlanıb. Ölkənin əsas aparıcı tənqidçi mətbuat orqanı olan “Azadlıq” qəzetinin nəşri dayandırılıb. Qəzetin baş direktoru Faiq Əmirli “Gülənçi” ittihamı ilə həbs olunub. Jurnalistlər təqiblərə və işgəncələrə məruz qalıblar. Polisə çağrılıb, bəziləri haqqında cinayət işi açılıb, həbs- qəti imkan tədbiri seçilib.

 “Sərhədsiz reportyorlar” təşkilatının 2016-cı il üçün açıqladığı Ümumdünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında Azərbaycan 163- cü yerdə qərarlaşıb. Azərbaycana yaxın digər postsovet ölkələri; Gürcüstan (64), Ermənistan (74), Moldova (76), Qırğızıstan  (85), Ukrayna (107), Özbəkistan (166), Qazaxıstan (160), Türkmənistan (178).

Yekun dəyərləndirmə. Yuxarıda deyilənləri ümumiləşdirib bu qənaətə gəlmək olar ki, Azərbaycanda bütün sahələrdə son illərdə insan haqları ilə bağlı vəziyyətdə geriləmə var. İnsanlar fərqli düşüncələrinə, ifadə azadlığına, sərbəst toplaşmaq hüququndan istifadə etdiyinə görə bir çox hallarda təqib və təzyiqlərə məruz qalıb, bəzi hallarda isə həbs ediliblər. Həbs edilən şəxslər bəzən işgəncələrə məruz qalıblar. İstintaq orqanları və məhkəmələr icra qurumlarından asılı vəziyyətdədir, qeyri- müstəqildir. Təqsirləndirilən şəxslərlə bağlı dəlil və sübutları obyektiv qiymətləndirmək iqtidarında deyillər.

Müstəqil vətəndaş cəmiyyəti demək olar ki, sıradan çıxarılıb. QHT-lərin fəaliyyət, ofis, donor, qeydiyyat və s. problem, eləcə də qanunvericiliyə edilən məhdudlaşıdırıcı əlavə və düzəlişlər aradan qaldırılmayıb.

Son illər böyük həcmdə neft gəlirləri əldə etməsinə baxmayaraq bundan səmərəli istifadə edə bilməyən hakimiyyət neftin dünya bazarında qiymətinin düşməsindən sonra yaranan iqtisadi krizisi xalqın hesabına həll etmək istəyir. İqtisadi- siyasi islahatlar aparmaq əvəzinə ölkədə polis rejimini gücləndirərək qorxu xofu yaradır, hakimiyyətini möhkəmləndirməyə çalışır. Seçkiləri və referendumu saxtalaşdırır, ölkədə repressiya aparır, qanunsuz həbslər həyata keçirir. Bütün bunlar isə qarşıdakı yaxın dövrdə ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşacağına dair hər hansı pozitiv ümid yaratmır”.

Daha çox göstər
Back to top button