Təhlil

Hakim elita iqtisadi kiçilmədən yaranan zərəri kasıb təqəbənin hesabına örtmək istəyir – Qubad İbadoğlu

Əgər Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaltsa, bu, o deməkdir ki, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər, deyə məşhur iqtisadçı Qubad İbadoğlu hesab edir.

Turan-ın məlumatına görə, Q. İbadoğlu Facebook səhifəsində yazıb ki, Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub. İqtisadçı bunu risk hesab edir. «Bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq», deyə o düşünür.

Onun fikrincə, dünya bazarında neft təklifinin azaldılması qərarı hər barrelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda Azərbaycanın qiymət artımından əldə etdiyi fayda miqdardan itirdiklərindən çox ola bilər.

«Əks təqdirdə, miqdarın itkisi qiymət artımını kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir», deyə Q. İbadoğlu hesab edir.

Asiya İnkişaf Bankından kredit cəlb edilməsi ilə bağlı iqtisadçı hesab edir ki, hakim zümrə və onların yaxınları, son zamanlar iqtisadi kiçilmədən yaranan zərəri orta və kasıb təqəbənin hesabına örtmək istəyir. «Hələ bu azmış kimi külli miqdarda borclanmaya getməklə də onun da qaytarılması məsuliyyətini gənc və gələcək nəsillərin üzərinə qoyur», deyə o bildirib.

O qeyd edib ki, Asiya İnkişaf Bankının ölkəmizlə son zamanlar artan sıx kredit əməkdaşlığından sonra Azərbaycan bu bankın Çin və Hindistandan sonra üçüncü əsas tərəfdaşına çevrilib. Bunun başlıca səbəbi Asiya İnkişaf Bankının Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi texniki dəstək və islahatlar paketi təqdim etmədən qeydsiz-şərtsiz borc verməsidir.

«Əgər həqiqətən də Azərbaycan donor dövlətə çevrilibsə, onda nədən daxili ehtiyaclarımızı və kəsirlərimizi kreditlər hesabına ödəyirik? Hesab edirəm ki, milli iqtisadiyyatın qarşısında duran vacib vəzifə qeyri-neft sektoruna xaricdənkredit vəsaitləri deyil, birbaşa sərmayələr cəlb etməkdir, çünki investisiyalar borc öhdəliyi yaratmır, əksinə yeni və əlavə dəyər formalaşdıraraq iqtisadi inkişafa xidmət edir», deyə o qeyd edib.

Daha çox göstər
Back to top button