Fuad Əhmədlinin səhhətində problem yaranıb
Vəkil Əshabəli Mustafayev dekabrın 13-ü həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədli ilə görüşüb.
Bunu Turan İA-a vəkilin özü bildirib.
O, qeyd edib ki, gəncin ağciyərlərində və tənəffüs yollarında problemlər yaranıb: “O, hələ bir-iki il öncə bu problemlərlə bağlı əməliyyat olunub, mütəmadi müayinələrdə olmalıdır”.
Ə.Mustafayev deyir ki, istintaqa iki vəsatət verib. O, gəncin tibbi ekspertizadan keçirilməsini istəyir: “Bu ekspertiza bu suala cavab verməlidir ki, F.Əhmədlinin durumu həbsdə saxlanmasına nə dərəcədə imkan verir. O, mütəmadi ağrılardan əziyyət çəkir, ixtisaslı müayinə aparılmalıdır, amma həbsxana şəraitində bu mümkün deyil”.
Vəkilin deməsinə görə, daha bir vəsatət F.Əhmədli saxlanan zaman evlərindən götürülən əşyaların, hələ də, geri qaytarılmaması ilə bağlıdır.