BeynəlxalqSiyasət

Neftçilərin dincəldiyi köşk dənizə düşüb

“Gecə saatlarında “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin dincəldiyi köşk dənizə düşüb. İçəridə 14 nəfər işçi olub. Aldığım ilkin məlumata görə, 2 nəfərin cəsədi tapılıb. Qalan 12 nəfər itkin düşüb”, – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı öz “Facebook” səhifəsində belə yazıb.

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azneft” İB ilə əlaqə saxlayıb. Qurumdan buna cavab verə bilməyəcəklərini deyiblər:

“SOCAR bununla bağlı açıqlama yayacaq. Biz nəsə deyə bilmirik”.

SOCAR baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb. Məlumatda deyilir ki, dekabrın 15-i səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub:

“Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış köşkünü də uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb”.

Daha çox göstər
Back to top button