Tramp Azərbaycandakı biznesinə son qoyur

Yeni seçilmiş ABŞ prezidenti Donald Trampın təşkilatı – «Trump Organization» Azərbaycan və Braziliyada lisenziyalı layihələrlə bağlı razılaşmalara son qoyulduğunu elan edib. Bu isə prezidentin inauqurasiyasından öncə maraqların toqquşması riski sarıdan əndişələri səngitmək istəyindən xəbər verir. «Bloomberg» agentliyi belə yazır.
«Trump Organization»ın vitse-prezidenti və baş müşaviri Alan Qarten deyib ki, təşkilat hazırda müxtəlif layihələrin gələcək perspektivlərini qiymətləndirməklə məşğuldur və bu addımlar təmizləmə xarakteri daşıyır.
D.Tramp özü dünən – dekabrın 15-də mətbuat konfransı keçirərək biznesdən tamamilə uzaqlaşacağını elan etməliydi. Amma sonra bu tədbirin yanvara saxlandığını dedilər.
Bakıdakı «Tramp qülləsi», hələ ki, istifadəyə verilməyib. «Bloomberg»in D.Trampın Bakıdakı şərikinə yaxın rəsmidən aldığı məlumata görə, layihənin 2/3-si başa çatıb və qüllə yaxında hazır olacaq. Amma binanın mühafizə xidməti tikintinin fevralda bitəcəyini deyib.