Leyla və Arif Yunusların kassasiya şikayəti yenə təxirə salınıb

Dekabrın 20-də Ali Məhkəmə Leyla və Arif Yunusların kassasiya şikayətinə baxılmasını növbəti dəfə təxirə salıb. Bunu “Turan” vəkil Əfqan Məmmədov deyib.
O bildirib ki, kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il 9 dekabr qərarından verilib:
“Şikayətə səbəb Bakı Ağır Cinayətlər Məhkəməsinin Arif və Leyla Yunusların barəsində çıxardığı azadlıqdan məhrumetmə hökmünün Apellyasiya Məhkəməsində şərti cəza ilə əvəz edilməsidir. Biz müdafiə etdiyimiz şəxslərə bəraət tələb edirdik”.
Vəkil bildirib ki, kassasiya şikayəti 2016-cı ilin fevlarında verilib:
“Amma hər dəfə şikayətə baxış üçün vaxt təyin olunsa da, sonradan təxirə salınıb, yubana-yubana indiki vaxta gəlib çıxıb. Bu gün də şikayətə baxılmasını dekabrın 27-nə kimi təxirə saldılar”, – vəkil qeyd edib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar.
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Həmin il dekabrın 9-da Apellyasiya Məhkəməsi həbs müddətini şərti cəza ilə əvəz edib. Aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib. Bu, rəsmi Bakıya beynəlxalq təzyiqlərdən sonra mümkün olub.