Beynəlxalq

Gültəkin Hacıbəyli: “Elxan Süleymanov və Müslüm Məmmədov hakimiyyətin göstərisini yerinə yetiriblər”

İtaliyalı deputat Luka Volontenin azərbaycanlı deputatlardan 2,5 mln. avroya yaxın pul alması ilə bağlı Milan prokurorluğunun araşdırmalarının ciddiliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bu fikri Avropa Şurası  Parlament Assambleyasında Azərbaycan parlament nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli Turan agentliyinin “Çətin sual” proqramına müsahibəsində söyləyib.

O qeyd edib ki, Azərbaycan hakimiyyəti ciddi şəkildə ifşa olunub və “sudan quru çıxa bilməyəcək”.

G.Hacıbəyli deyib ki, L.Volonteni pis reputasiyaya malik şəxs kimi tanıyır və onun da üzvü olduğu Avropa Xalqlar Partiyasının sədri olmağa cəhd etdiyi vaxtlarda buna bir daha əmin olub.

“Volonte yaxşı reputasiyaya malik deyil. Təsadüfü deyil ki, ifşa məhz ondan başlayıb”, – o vurğulayıb.

G.Hacıbəyli xatırladıb ki, Azərbaycan rəhbərliyi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatına çox ağır yanaşıb və onun qarşısını almaq üçün bütün qüvvələri səfərbər edib.

“Addımların heç də hamısı qeyri-leqal olmayıb. Ancaq düşünmürəm ki, Ştrasserin sənədini qəbul etməmək üçün leqal addımlar yetərli idi. Çünki Azərbaycanda insan hüquqlarının vəziyyəti acınacaqlıdır və bütün dünya bundan danışır”, – o bildirib.

Ştrasserin hesabatı “kürü siyasəti” sayəsində baş

tutmayıb.

“Əminəm ki, Azərbaycanın Avropa Şurasında lobbiçiləri var. Onlar hətta Volontedən də yuxarıda dayanırlar”, – o vurğulayıb.

G.Hacıbəyli AŞPA prezidenti Pedro Aqramuntu da onların sırasında sayır.

Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi kimi, həm də bu təşkilatın prezidenti kimi daim Azərbaycanın siyasi rəhbərliyi ilə əməkdaşlıq edib  və ölkədə insan hüquqları ilə bağlı problemlərə, demokratik prinsiplərin pozulmasına göz yumub.

“Məncə, AŞPA-nın digər üzvlərinə dair faktlar da ortaya çıxacaq”, – o qeyd edib.

Əgər Azərbaycanda həqiqətən hüquqi dövlət olsaydı Baş Prokurorluq bu faktlara hamıdan tez reaksiya verərdi.

“Başqa hallarda olduğu kimi, bu dəfə də heç bir reaksiya yoxdur. Ancaq əslində söhbət ciddi cinayət faktından gedir. Bu, dövlətin diplomatik imicinə, ölkə parlamentinin imicinə böyük zərbədir.

Baş Prokurorluq bu fakt üzrə cinayət işi qaldırmalı və bu işdə adları sadalanan iki deputatı dindirməlidir”, – keçmiş deputat vurğulyıb.

Onun fikrincə, Baş Prokurorluğun bu fakta reaksiya verməməsinin səbəbləri var. Belə ki, bu deputatlar belə işlərlə öz təşəbbüsləri ilə məşğul olmayıblar.

“Onlar ölkə hakimiyyətinin həyata keçirdiyi lobbiçilik fəaliyyətinin icraçılarıdır. Təbii ki, bunun sifarişçisi ölkə hakimiyyətidir”, – G.Hacıbəyli vurğulayıb.

Daha çox göstər
Back to top button