Beynəlxalq

Jurnalistin işgəncə şikayəti araşdırılmır

Vəkil Elçin Sadıqov dekabrın 21-də böhtan atmaqda təqsirləndirilərək 1 il azadlıqdan məhrum edilən jurnalist İkram Rəhimovla görüşüb.

Jurnalistin əhvalının yaxşı olduğunu deyən vəkil İkram Rəhimova işgəncə verilməsi ilə bağlı müraciətlərinin araşdırılmamasından şikayətlənib.

«Jurnalist Sumqayıt şəhər Polis İdarəsində işgəncəyə məruz qalmışdı. Onu canlı kamera vasitəsilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan üzr istəməyə məcbur etmək istəmişdilər. Bununla bağlı dəfələrlə Baş Prokurorluğa şikayətlər etməyimizə baxmayaraq, hələ də, jurnalisti dindirməyiblər, onu ekspert müayinəsindən keçirməyiblər. İkram özü bildirir ki, prokurorluq gicgahında və qabırğalarında olan xəsarətlərin tamamilə sağalmasını gözləyir», – vəkil bildirib.

Vəkil işgəncə epizodunun araşdırılması və ona hüquqi qiymət verilməsindən ötrü gərəkən bütün hüquqi addımların atılacağını, ölkə içində buna nail olunmazsa, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Vəkilin bildirdiklərinə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button