Avropa Məhkəməsi NİDA-çı gəncin həbsini araşdırır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Vətəndaş Hərəkatının həbsdəki fəalı İlkin Rüstəmzadənin işi üzrə hökumətlə kommunikasiyaya başlayıb.
Bu barədə onun vəkili Nemət Kərimli “Turan” Agentliyinə bildirib.
Vəkilin sözlərinə görə, şikayət İ. Rüstəmzadənin 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbsi ilə bağlıdır.
Ona qarşı Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq Rüstəmzadənin Bakı bulvarında Harlem Shake rəqs fleş-mobu təşkil etməsini və videosüjeti YouTube-da yerləşdirməsini xuliqanlıq hesab edib.
Müdafiə tərəfi bu ittihamı absurd, fəalın bu əsasla həbs edilməsini isə qanunazidd hesab edir.
Sonradan Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.
AİHM-ə göndərilən şikayətdə Rüstəmzadənin Avropa Konvensiyasının 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə təhqiqatı hüququ) və 11-ci (toplaşmaq azadlığı) maddələrində zəmanət verilmiş hüquqlarının pozulması məsələsi qaldırılır.
Hökumət AİHM-nin suallarını 2017-ci il aprelin 3-dək cavablandırmalıdır.