Beynəlxalq

Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovun işini müzakirəyə çıxara bilər

Yanvarın 9-u vəkil Cavad Cavadov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

Bu haqa Meydan TV-yə REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib.

Bildirib ki, bu, İlqar Məmmədovun 2017-ci ildə vəkili ilə ilk görüşüdür:

“Sağlıq durumu normaldır. Bugünkü görüş isə Avropa Şurası Nazirlər Komitəsinin yanvarın 12-də keçiriləcək iclası ilə bağlıdır. İlqar Məmmədov vəkili ilə bu iclasa hazırlıq məsələlərindən danışıb”.

Natiq Cəfərli Avropa Şurası Nazirlər Komitəsinin yanvarın 12-də keçiriləcək iclasında İ.Məmmədovla bağlı durumun müzakirə edilə biləcəyini də dedi.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.

Bu qurum dəfələrlə Azərbaycan hökumətini İ.Məmmədovu azad etməyə çağırıb.

Daha çox göstər
Back to top button