Beynəlxalq

Jurnalistin ölkədən çıxışına qadağa qoyublar

ANS telekanalının jurnalisti Qənirə Ataşovanın Azərbaycandan çıxışına qadağa qoyulub. Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, bu məhdudiyyət telekanala qarşı 214.2-ci (terrorçuluğa çağırış, terrorun təbliği) maddə ilə aparılan cinayət işi ilə bağlıdır.

Maraqlıdır ki, telekanal rəhbərləri ilə bağlı belə bir məhdudiyyət yoxdur.

Vəkilin sözlərinə görə, cinayət işinin nə vaxt açıldığı da məlum deyil.

Ataşova qadağa barədə 2016-cı il oktyabrın 27-də İstanbula uçmaq istəyərkən öyrənib. Vəkilin sözlərinə görə, Ataşova telekanalda müqavilə ilə işləyirdi və heç bir vəzifə tutmurdu.

Ataşova hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib.

Maraqlıdır ki, bütün bu müddət ərzində telekanalın rəhbərliyi baş verənlər haqqında danışmır və əməkdaşlarının hüquqlarının pozulması barədə heç nə demir. Bu hökumətyönlü telekanal ənənəvi olaraq hakimiyyətlə razılıq əldə edəcəyinə ümid edir və heç vaxt beynəlxalq təşkilatlara şikayət etmir.

Son illər bu kanal hər il İlham Əliyevi və onun ailə üzvlərini “ilin adamı” elan edərək, bunun telekanalın mövcudluğunun zəmanəti olduğunu güman edirdi.

Qeyd edək ki, ANS telekanalı bu ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bağlanıb. Azərbaycan hakimiyyəti telekanalı terrorizmi dəstəkləməkdə və Ankaranın dövlət çevrilişinə cəhdin təşkilində ittiham etdiyi türk ilahiyyatçı Fətullah Gülənə efir verməkdə ittiham edib.

Həmin vaxt telekanal rəhbərləri Baş Prokurorluğa dindirməyə çağırılırdı.

Daha çox göstər
Back to top button