Mehman Hüseynov Nəsimi məhkəməsinə aparılıb

Dünən axşam saxlanılan bloger Mehman Hüseynov səhər saat 11:00-da Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsindən rayon məhkəməsinə aparılıb.
Bu barədə onun vəkili Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb. Vəkil Mehmanın nədə ittiham olunduğunu hələlik bilmir.
İnsident saat 20:00-a yaxın Nizami küçəsinin yaxınlığında Mehman kafedən çıxıb dostları ilə görüşə gedərkən baş verib. Həmin vaxt bir neçə nəfər ona yaxınlaşaraq ağzını tutub, qalanları əllərini buraraq maşına basıb.
Mehmanın gəlmədiyini görən dostları onun mobil telefonuna zəng ediblər. Telefon söndürülüb.
DİN paytaxtın mərkəzində insan oğurluğunu şərh etmir, özünü heç nə olmamış kimi aparır.
Blogerin vəkili Elçin Sadıqov Turan-a bildirib ki, Mehmanın axtarışı nəticə verməyib. Vəkil ilk növbədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ancaq Mehmanın orada olub-olmaması barədə suala cavab verməyiblər.
Baş Polis İdarəsindən vəkilə bildiriblər ki, Mehman orada yoxdur.
Vəkil axtarışı davam etdirir.
Bakının mərkəzində jurnalist oğurluğu ölkədə zorakılığın olmasını və söz azadlığının pozulmasını açıq şəkildə göstərir.
Son aylar M.Hüseynov hakimiyyətin ali eşelonu – nazirlər, deputatlar, oliqarxlarla bağlı korrupsiya faktlarına dair videoreportajlar hazırlayıb.
O, dövlət məmurlarının mənimsənilən pullarla tikilən villalarını çəkib, həmin villaların sahiblərinin pullarını ödəmədiyi fəhlələrlə müsahibə hazırlayıb.
Bu reportajlar sosial şəbəkələrdə çox yayılıb və böyük rezonans doğurub ki, bu da hakimiyyəti qıcıqlandırıb.
Üç həftə öncə mülki geyimli bir qrup şəxs Mehmanı küçədə qaçırmaq istəyib, ancaq baş tutmayıb. Mehman bəyanat verərək ona olan hücumlara görə ölkə hakimiyyətini günahkar bilib.