“Azərbaycanda 2017-ci ildə hərbçilərin sosial təminatı daha da pisləşəcək”

Gələn il müdafiə xərclərinin 50 faizi silahlanmaya sərf olunacaq
Böhran vəziyyəti Azərbaycan ordusuna mənfi təsir edib
“Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda böhran vəziyyəti davam edir və müdafiə xərclərinin dəyərinin (dollarla götürdükdə) yarıbayarı azaldılması 2016-cı ildə hərbi qulluqçuların sosial təminatına mənfi təsir edib və bu proses 2017-ci ildə daha da güclənəcək”. Bunu Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatının gücləndirilməsi istiqamətində hər hansı ciddi addımlar atılmayıb:
C.Sümərinli bildirdi ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrində bəzi hərbi hissələrin yeniləşdirilməsi, yeni hərbi hissələrin yaradılması işi həyata keçirilsə də, ümumiulikdə, bütün bu proses hərbçilərin sosial təminatının yüksəldilməsindən yan keçir. “Ötən il onlarla hərbi qulluçunun mənzillə təmin olunması istiqamətində rəsmi xəbərlər yayıldı. Amma görünən mənzərə ondan ibarətdir ki, xidmətdə və ehtiyatda olan on minlərlə hərbi qulluqçunun mənzil təminatı problemi var və hökumətin bu istiqamətdə hər hansı aydın strategiyası yoxdur”, – deyə o bildirdi.
Xəzər İnstitutunun rəhbərinin fikrincə, hərbi qulluqçulara ödənilməli olan pul vəsaitlərinin verilməsində də ciddi problemlər var: “İstifadə olunmamış məzuniyyətlərə görə pul vəsaitinin verilməsində ciddi problemlər var. Eyni zamanda vaxtilə cəbhə xəttində üçqat əmək haqqı almalı olan hərbi qulluqçulara qanunsuz olaraq ikiqat əmək haqqının verilməsi ilə bağlı yaranmış ciddi problemlərin həlli istiqamətində də hər hansı iş görülmür”.
Ekspert hesab edir ki, hərbi qulluqçuları narahat edən əsas məsələ məvaciblərin azlığıdır. “Bu gün Azərbaycan hərbçilərinin, xüsusilə də aşağı vəzifələrdə xidmət edən zabit, gizir və müddətdən artıq hərbi xidmət qulluqçularının məvacibləri çox aşağıdır. Bu məvaciblə nəinki ailə saxlamaq, heç hərbçinin özünün normal şəraitdə yaşayışını təmin etmək mümkün deyil” Əsas problemlərdən biri də, hərbi qulluqçuların kirayəsi və qida təminatı üçün ödənilən məbləğin azlığıdır. Bu məsələ dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyinə, hökumətin diqqətinə çatdırılsa da ortada hər hansı bir irəliləyiş yoxdur”.
C.Sümərinli 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial təminatı istiqamətində hər hansı irəliləyişlərin olmayacağı qənəatindədir. “Bunun əksini göstərəcək hər hansı işarə yoxdu. Ortada olan proseslərdən belə görünür ki, gələn il müdafiə xərclərinin faktiki olaraq 50 faizi (təxminən 1.3 milyard manat) silahlanmaya və bununla bağlı proqramlara sərf olunacaq. Bu isə, Azərbaycan ordusu üçün hər hansı inkişaf perspektivi verməyən bir plandır. Çünki silahlanma proqramının ictimaiyyətə aydın olmaması, bu istiqamətdə xərclənən vəsaitlərin böyük ehtimalla korrupsiya hədəfi olması, ən əsası, silahlanma proqramının mövcud hakimiyyətin ömrünün uzadılmasına xidmət etməsi ölkənin milli təhlükəsizlik maraqları baxımından ciddi təhdidlər yaradır”, – deyə C.Sümərinli bildirdi.
Onun sözlərinı görə, Silahlı Qüvvələrdə döyüş və əsasən də qeyri-döyüş itkilərinin səbəblərinin bir çox hallarda ictimaiyyətdən gizlədilməsi, bu istiqamətdə Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əlbir fəaliyyəti orduda cəzasızlıq mühitinin hökm sürməsi kimi fikirləri daha da gücləndirir. “Ötən illərdə olduğu kimi, 2016-cı ildə də Azərbaycan Silahlı Qüvvələrində dünyasını dəyişmiş hərbi qulluqçuların rəsmi statistikası, səbəblər və araşdırmaların nəticələri cəmiyyətdən gizlədildi. Bu ordudakı mənəvi-psixoloji durumun hələ də qaydada olmadığını göstərir”, – deyə C.Sümərinli bildirdi.
Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrində Səfər Əbiyev dövründə mövcud olmuş qrupların mübarizəsi hələ də davam edir. “Bu isə ordunun sağlam kadrlarla təminatı, zabitlərin karyera yüksəlişi kimi məsələlərdə ciddi problemlər, əngəllər yaradır”.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu