Beynəlxalq

Vətəndaş cəmiyyəti AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səsini dondurmağa çağırıb

Bir qrup vətəndaş cəmiyyəti fəalları AŞPA-nın qış sessiyası ərəfəsində assambleya üzvlərinə birgə müraciət göndəriblər.

Müraciətdə deyilir:

Sizə yazdığımız müraciət Azərbaycanda siyasi məhbuslarla bağlı 2013-cü il tarixli tənqidi qətnamənin keçməsinə mane olmaq cəhdlərinin əvəzində iki AŞPA üzvü – cənab Elxan Süleymanov və cənab Müslim Məmmədovdan 2,39 milyon avro rüşvət aldığı iddiası ilə barəsində Milan prokurorluğu tərəfindən cinayət işi qaldırılmış və hazırda istintaq olunan AŞPA-nın keçmiş vitse-prezidenti cənab Luka Volontenin cinayət işi ilə bağlıdır.

Sizi digər üzvlərə rüşvət verməkdə ittiham olunan Azərbaycan nümayəndə heyətinin iki üzvünü (Elxan Süleymanov və Müslim Məmmədovu) barələrində tam araşdırma aparılması şərti ilə dərhal üzvlükdən xaric etməyə çağırırıq. Bundan başqa, sizi Azərbaycanın bütün nümayəndə heyətinin səsvermə hüququnu dayandırmağa çağırırıq, çünki biz hesab edirik ki, onlar rüşvət məsələsindən tamamilə xəbərdar olsalar da, bunun qarşısını almaq üçün heç bir addım atmayıblar.

Avropa Sabitlik Təşəbbüsünün “Avropa Bataqlığı (Kürü Diplomatiyası, 2-ci hissə) – Prokurorlar, Korrupsiya və Avropa Şurası Parlament Assambleyası” [1] adlı hesabatı, eləcə də İtaliyanın RAİ telekanalı tərəfindən aparılmış araşdırma korrupsiya fırıldağının utanc verici təfərrüatlarını üzə çıxarıb.

Bu baxımdan, cənab Kristof Ştrasserin qətnaməsi üzrə keçirilmiş 2013-cü il səsverməsi legitim hesab oluna bilməz. Təcili bir məsələ olaraq, AŞPA Avropa Şurası BQHT konfransı ekspertləri və beynəlxalq səviyyədə tanınan hüquq müdafiə təşkilatları ilə əməkdaşlıq şəraitində obyektiv hesabat hazırlaması üçün Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçi mandatını – insan hüquqlarının pozulması hallarının araşdırılması və məruzə edilməsi sahəsində ciddi təcrübəsi olan etibarlı bir AŞPA üzvü – dərhal bərpa etməlidir.

Xatırladırıq ki, 2014-cü ildə AŞPA özünün Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi (AS Jur) vasitəsilə “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı tədbirlər görülüb?” adlı ayrıca hesabat hazırlamağa qərar verib. O vaxtdan bu yana, 2014-cü ildəki bu qərarın davamı olaraq heç bir əhəmiyyətli iş görülməyib. Son olaraq isə, nə As Jur məruzəçisi, nə də ki onun Monitorinq Komitəsindəki həmkarları, heç AŞPA rəhbərliyi belə Azərbaycanda məhkəmənin gənc siyasi fəallar Qiyas İbrahimov və Bayram Məmmədova verdiyi ağır on il həbs cəzalarına, eləcə də onların həbs zamanı pis rəftara məruz qalması iddialarına heç bir reaksiya verməyib. Bunun əksinə, Avropa Birliyi dərhal bəyanatla çıxış edərək verilən cəzaları “xüsusi narahatlıq doğuran” hal adlandırmışdı.

18 noyabr 2016-cı il tarixində, Azərbaycanın ən yüksək məhkəmə instansiyası Azərbaycanlı siyasi məhbus və müxalifət lideri cənab İlqar Məmmədovun ona verilmiş yeddi il həbs cəzasından verdiyi apelyasiya şikayətinə baxaraq, cəzanın dəyişdirilmədən saxlanmasına qərar verib. Cənab Məmmədovun qanunsuz olaraq həbsdə saxlanması Azərbaycanın aşkar hüquqi öhdəliklərinin kobud pozuntusunu təşkil etməklə yanaşı, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü il tarixli qərarına riayət edərək İlqar Məmmədovu dərhal və qeyd-şərtsiz azad etməyi dəfələrlə tələb etmiş Avropa Şurası Nazirlər Komitəsinə qarşı bir təhqirdir. Hazırda Azərbaycana qarşı hüquqi tədbirlər görməyi nəzərdən keçirən Nazirlər Komitəsindən fərqli olaraq AŞPA Konvensiyanın və onun təməl prinsiplərinin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi qərarlarına əməl olunması prinsipinin bu cür kobud və davamlı şəkildə pozulmasına qarşı heç bir həlledici tədbir görməyib.

Bu məqsədlə, biz AŞPA-nı ümumavropa insan hüquqları təşkilatı daxilində bütün korrupsiya və hüquqa zidd davranış hallarını aradan qaldırmağa, Azərbaycanda insan hüquqlarının pozulması halları barədə ciddi və səbatlı mövqe nümayiş etdirməyə çağırırıq. Sizdən xüsusilə aşağıdakı addımların atılmasını rica edirik:

  Digər üzvlərə rüşvət verməkdə ittiham olunan Azərbaycan nümayəndə heyətinin iki üzvü (Elxan Süleymanov və Müslim Məmmədov) barələrində tam araşdırma aparılması şərti ilə dərhal üzvlükdən xaric edilsin;

  Korrupsiya hadisəsi ilə bağlı tam araşdırma aparılması müddətində və İlqar Məmmədov və digər siyasi məhbuslar azad edilənə qədər Azərbaycanın bütün nümayəndə heyətinin səsvermə hüququ dayandırılsın;

  Avropa Şurası BQHT konfransı ekspertləri və beynəlxalq səviyyədə tanınan hüquq müdafiə təşkilatları ilə əməkdaşlıq şəraitində obyektiv hesabat hazırlaması üçün Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə xüsusi məruzəçi mandatı – insan hüquqlarının pozulması hallarının araşdırılması və məruzə edilməsi sahəsində ciddi təcrübəsi olan etibarlı bir AŞPA üzvü – bərpa edilsin;

  Avropa Şurası daxilində korrupsiya halı ilə bağlı təcili müzakirələr təşkil olunsun. Rüşvət işində digər AŞPA üzvlərinin iddia olunan iştirakının araşdırılması üçün etik davranışın yoxlanması üzrə xüsusi komissiya təyin olunsun.

Bu vacib məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik.

Daha çox göstər
Back to top button