Lavrov Aleksandr Lapşinin ekstradisiyasının əleyhinə olduğunu bildirib

“Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.
O həmçinin həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib: “Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik”.
Xatırlataq ki, Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılıb. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahısı”na daxil etib və ekstradisiya olunmasını tələb edir.