Azərbaycanda dindarlar saxlanıb

Ötən həftədən Bərdə rayonunda dini zəmində gərginliklər yaşanır. Yanvarın 13-də Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Həsənqaya kəndində yerləşən «Əl Kəvsər» deyilən məsciddə əməliyyat keçiriblər.
Özünü həmin məscidin imamı kimi təqdim edən Əziz Qasımov məsələ ilə bağlı müraciət yayıb. Müraciətdə qeyd edilir ki,yanvarın 13-də namaza az qalmış məscidə gələn polislər din adamlarına kobudluq ediblər: «Onlar əllərində siqaret, ayaqlarında kirli ayaqqabı məscidə daxil oldular. Camaatı təhqir edərək, «niyə namaz qılırsınız», «çıxın bayıra, yoxsa sizi polis bölməsinə aparacağıq» deyə hədələdilər. Mülkigeyimli bir nəfər məni də təhqir etdi. Onlardan bizə namaz qılmaq üçün 5 dəqiqə vaxt vermələrini xahiş etdik. İşə yaramadı. Mülkigeyimli bir polis işçisi mənim saqqalımı yoldu və kobud şəkildə, ayaqqabısız maşına basaraq polis şöbəsinə apardılar. Təkcə məni yox, bütün namaz qılanları apardılar. Quranı və digər dini kitabları zibil kimi maşının arxasına töküb apardılar. İmamın sözlərinə görə, dini ibadət üçün kimdənsə icazə almaq lazım deyil».